Daha bir ölkədə səfirliyimiz bağlana, səfirimiz geri çağırıla bilər – ANONS

Azərbaycan xüsusi xidmət orqanlarının keçirdiyi əməliyyatlar nəticəsində Ukrayna, Gürcüstan və Azərbaycanla əlaqədar kəşfiyyat fəaliyyətini icra edən onlarla Fransa xəfiyyəsi aşkarlanıb. Bu şəxslərin birbaşa Fransa Xarici Təhlükəsizlik Baş İdarəsi (DGSE) ilə əlaqədə olması, Fransa səfirliyindən koordinasiya edilməsi faktı da aşkarlanıb. Məhz bundan sonra Fransa səfirliyinin iki əməkdaşı “persona non grata” elan edilib. Ardınca rəsmi Paris heç bir əsas olmadan Azərbaycanın Fransadakı səfirliyinin iki əməkdaşı ilə bağlı analoji addım atıb.

Maraqlıdır, Azərbaycanın Fransadakı səfirliyi tamamilə bağlana, səfirimiz geri çağırıla bilərmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Cümşüd Nuriyev deyib ki, Fransa zaman-zaman Qərbin tapşırığı ilə Azərbaycana qarşı hücuma keçib:

“Əsas məqsəd Rusiyanın bölgədən çıxarılması, ABŞ-ın gətirilməsi idi. Amma bunu bacarmadılar, Ukrayna müharibəsində Rusiyaya uduzdular.

Şarl de Qoll demişdi ki, Fransa həmişə öndə olmalıdır. Hazırkı prezident Emmanuel Makron isə de Qollun fiziki və əqli cəhətdən yarısı qədər olsa da, özünü ona bənzətməyə çalışır. Lakin Makronun Bakıya qarşı cəhdləri uğursuzluqla nəticələndi. Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatı ilə Fransanı nokaut etdi.

Fransa Afrikanı və adaları itirmək üzrədir. Orta Asiyaya girməsinə isə Azərbaycan imkan vermədi. Siyasi müstəvidə Azərbaycana qarşı yaralı heyvan statusundadır”.

Politoloqun fikrincə, səfirliyə hücum, təxribatçı fikirlər səsləndirilməsi və s. nəticə vermədikdə Ermənistana diplomatik, iqtisadi dəstəkdən əlavə, hərbi yardıma keçdilər:

“Paris rəsmi Bakıya qarşı diplomatik terrorla məşğuldur. Azərbaycanın Fransa ilə heç bir problemi yoxdur. Bakıya qarşı qərəzli yanaşma Fransa dövlətinin deyil, Makronun mövqeyidir. Prezident seçkilərində Emmanuel Makronun namizədliyi gözlənilmir. Bu, Fransa qanunlarına əsaslanır. Yeni prezident hakimiyyətə gələnə qədər Parislə diplomatik əlaqələrin kəsilməsi gözlənilmir. Fransada qatı ermənipərəst şəxs prezident seçildiyi halda Azərbaycan bu addımı ata bilər”.

Safura Bənnayeva
Globalinfo.az