İsveçdə “Quran”ı yandıran ifrat sağçı Jade Sandberq məhkəmə qarşısına çıxarılıb.
Globalinfo.az “Yeni Sabah”a istinadən xəbər verir ki, hadisə 2024-cü il avqustun 24-də Stokholmda, Odenplan meydanında olub.
50 yaşlı Jade Sandberg “Quran”ı yandıraraq təpikləyib. O, törətdiyi əməlin görüntülərini sosial şəbəkə hesabında canlı yayımlayıb. Bundan sonra onun barəsində şikayət edilib.
Stokholm Məhkəməsi Sandberqin işi üzrə qərarını açıqlayıb. Məhkəmənin qərarına əsasən, ona nifrət cinayətinə görə şərti həbs cəzası verilib. Sandberq gündəlik 100 İsveç kronu hesabı ilə ümumən 3 min kron (təxminən 275 avro) cərimə ödəməlidir.
Bundan başqa, o, Zərərçəkmişlər Fonduna 1000 kron, dövlətə isə müdafiə xərcləri üçün 17 min kron (təxminən 1500 avro) ödəməli olacaq.
Sandberq 2025-ci ildə Stokholm məscidinin qarşısında keçirdiyi təxribat zamanı “Küçələrimizdə müsəlman istəmirik” ifadəsini işlədib. Lakin məhkəmə bu açıqlamaya görə irəli sürülən ittiham üzrə ona bəraət verib.
