“III ixtisas qrupu üzrə 600 və daha yuxarı bal toplayan 893 nəfər var. Bu göstərici ötən illə müqayisədə təxminən eyni səviyyədədir. Buna görə də 600 baldan yuxarı nəticə göstərən abituriyentlər üçün keçid ballarında ciddi dəyişiklik gözlənilmir, bəzi ixtisaslarda isə 5–10 baladək azalma ola bilər”.
Globalinfo.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib.
DİM rəhbəri bildirib ki, DT altqrupu üzrə 300–400 bal aralığında ciddi dəyişiklik proqnozlaşdırılmır:
“Lakin 200–300 bal intervalında yerləşən ixtisaslar üzrə keçid ballarının təxminən 20 baladək arta biləcəyi gözlənilir. 150 balla qəbul aparılan ixtisaslarda isə keçid ballarında təxminən 10–20 bal artım ehtimalı var.
TC altqrupunda 600 və daha yuxarı bal toplayanlar üçün vəziyyət ötən illə müqayisədə dəyişməyəcək. Lakin 500 baldan yuxarı nəticə göstərənlər üzrə bəzi ixtisaslarda keçid ballarının 30 baladək yüksəlməsi mümkündür. TC altqrupu üzrə dövlət sifarişi əsasında cəmi 220 plan yeri ayrılıb. Bu altqrupda 300–400 və 200–300 bal intervallarında bəzi ixtisaslar üzrə keçid ballarının 90 baladək yüksəlməsi ehtimal edilir”.