Bu qanunla bağlı qızğın müzakirə başlayıb – tanınmış imzaların fikir savaşı  

Azərbaycanda media sahəsində dəyişikliklər razılıqla yanaşı narazılıq da yaradır. Medianın yeni tələb və trendlərlə ayaqlaşması üçün çoxdandır başladılan proses fərqli, çeşidli reaksiyalarla davam edir.

Son günlər Media haqqında Qanun ətrafında müzakirə yenidən qızışıb. Bu qanunu sərt formada tənqid  edənlərlə təqdirçilərin mövqe, fikir toqquşmalarına şahidlik edirik.

Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılovun Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında dedikləri müzakirələrin dinamikasını daha da artırdı.

Ə.İsmayılov bildirib ki, Media Reyestri kiminsə jurnalist olmasını təmin etmir. “Sadəcə, kimsə özünü Media Reyestrində qeydiyyatdan keçirmək istəyirsə, həmin jurnalistlər dövlətin verdiyi müəyyən imtiyazlardan istifadə edə bilirlər. Bir daha qeyd edirəm ki, Media Reyestrindən qeydiyyatdan keçmək məcburi xarakter daşımır, qətiyyən Media Reyestrində olmayan jurnalistin fəaliyyəti məhdudlaşmır”, – deyə Əhməd İsmayılov vurğulayıb.

O, həmçinin qeyd edib ki, 180 media subyekti Media Reyestrində qeydiyyatdan keçib.

Globalinfo.az Media haqqında Qanun ətrafında başladılan müzakirələr fonunda tənqidçilərin və təqdirçilərin mövqeyini öyrənib.

Rəşad Məcid

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid Globalinfo.az-a deyib ki, Mətbuat Şurasının sonuncu iclasının gündəliyində bir sıra mühüm məqamlar var idi və İdarə Heyətinin üzvləri tərəfindən müzakirə edildi:

“Bütün məsələlər ilə bağlı biz Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılovla da müzakirə etdik. Bizi narahat edən bir sıra məqamlar var idi. Misal üçün, qəzet və televiziyalarda elə ştat vahidləri var idi ki, onların Media Reyestrində jurnalist kimi qeydiyyatdan keçməsi problem idi. Biz həm Medianın İnkişafı Agentliyi, həm də Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi ilə bu məsələni müzakirə etmişik və öz həllini tapıb.

Əməkdar jurnalistlər ilə bağlı da bəzi narahatlıqlar var idi. Söhbət 20-30 il media sahəsində çalışan əməkdar jurnalistlərin Media Reyestrinə düşmək istəmələrindən gedir. Biz belə qərara gəldik ki, bu şəxslər mətbuat orqanları ilə müqavilə əsasında çalışaraq Reyestrə düşə bilərlər.

O ki qaldı Media haqqında Qanunu və Media Reyestrini tənqid edən şəxslərə, hesab edirəm, bu məsələlərin süni şəkildə qabardılması siyasidir və xarici  təsirlər var.

Media haqqında Qanun üzərində media mütəxəssisləri çox çalışıblar, çox yaxşı qanun ortaya qoyulub. Bu qanun həm də mediamızda olan problemləri üzə çıxarır.

Misal üçün, elə jurnalistlər var ki, 20-30 ildir jurnalist kimi çalışsa da rəsmi olaraq çalışmır, əmək kitabçasında adı yoxdur. Mən əvvəllər də bu tip hallarla üzləşdiyim üçün hər zaman bununla mübarizə aparmışam. “525-ci Qəzet”də çalışarkən bir müddət jurnalist kimi çalışan, özünü doğruldan şəxslərin əmək müqaviləsi əsasında işləməsinə çalışmışam. Biz istəyirik ki, jurnalist peşəsi sanballı, uğurlu olsun. Media Agentliyinin, Mətbuat Şurasının, bütövlükdə dövlətimizin istəyi də bu yöndədir“.

Arif Əliyev

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev isə deyib ki, Media haqqında Qanun hələ müzakirəyə çıxarılarkən bəlli idi ki, bu qanun nə özü işləyəcək, nə də jurnalistləri işləməyə qoyacaq:

“Azərbaycanda Media haqqında Qanun həm dilinə, həm də öz fəlsəfəsinə görə təəssüf ki, medianın inkişafı üçün sərbəstlik vermir. Qanun, hətta jurnalist vəsiqələrinə qədər hər şeyi nəzarətdə saxlamağa çalışır.

Bizim hazırda qarşılaşdığımız əsas çətinliklər Reyestrlə bağlıdır. Məsələ ilə məşğul olan dövlət qurumları da çaşıb qalıblar. Çünki Media Reyestri ilə bağlı gündə bir söz deyilir. Misal üçün, əvvəl deyilirdi ki, Reyestrə düşmək sərbəstdir. Daha sonra deyildi ki, məcburdur. İndi isə deyilir ki, Reyestrdən keçməyən saytlar fəaliyyət göstərə bilməyəcək.

Qanundan narazı qalan bir qrup jurnalistin Milli Məclisin qarşısında aksiyası (Arxiv)

Göründüyü kimi qanun daxilində ziddiyyətlər doludur. Bu hələ bizim üzləşdiyimiz üzdə olan çətinliklərdir. Onun alt qatında ziddiyyətli məqamlar daha çoxdur.

Venesiya komissiyasının Media haqqında Qanun ilə bağlı yazdığı rəydə də qeyd edilir ki, belə bir qanun Avropa məkanında olmamalıdır”.

Turan Rzayev

Globalinfo.az