“Əli Xameneinin səhnədən getməsi ilə təkcə bir lider deyil, həm də İran İslam Respublikasının daxili tarazlığının əsas oxu yox oldu. İran siyasi tarixinin ən kritik mərhələsinə qədəm qoyub. Artıq “onun yerini kim tutacaq?” deyil, ölkənin gələcəyini hansı siyasi layihə müəyyən edəcək sualı önəm daşıyır”.
Globalinfo.az xəbər verir ki, bu sözləri güneyli jurnalist yazar Teoman Şahin bildirib.
Onun sözlərinə görə, daxildə ən çox ehtimal olunan ssenari Əli Laricani, Məsud Pezeşkian və bəzi praqmatik fiqurların daxil olduğu mərkəzi koalisiya yaratmaqdır:
“Belə bir struktur ABŞ üçün müzakirə edilə və regional ölkələr üçün proqnozlaşdırıla bilən olmaqla yanaşı, İnqilab Keşikçiləri üçün həyati təhlükə yaratmayacaq. Əgər Vaşinqtonun məqsədi rejimin tamamilə devrilməsi deyil, davranış dəyişikliyidirsə, bu, ən rasional variantdır. Yumşaldılmış regional siyasət və beynəlxalq danışıqlara açıq İran mövcud geosiyasi vəziyyətdə ən real ssenaridir”.
T.Şahin qeyd edib ki, İran Liviya deyil. Silahlı və təşkilatlanmış, hazır, mütəşəkkil alternativ güc strukturu yoxdur:
“İnqilab Keşikçiləri yalnız hərbi qüvvə deyil, həm də dərin iqtisadi və institusional şəbəkələrə malik strukturdur. Bütün sistemin qəfil çökməsi ciddi bir hakimiyyət boşluğu və genişlənmiş xaos riski yaradacaq. Heç bir xarici güc belə bir ssenarinin xərclərini üzərinə götürmək istəməz.
Rza Pəhləvinin qayıdışı sabitlik təmin etməkdənsə, kəskin sosial qütbləşmə və hətta daxili münaqişə riskini artıra bilər. Monarxiya layihəsinin yenidən ortaya çıxması tarixi, etnik və ideoloji fay xətlərini aktivləşdirə bilər. Belə bir ssenari təkcə mövcud təhlükəsizlik strukturlarının deyil, həm də respublikaçı və millətçi seqmentlərin güclü müqaviməti ilə qarşılaşa bilər. Bu, nəzarətli keçid əvəzinə gərgin dövrün başlamasına yol aça bilər”.
Teoman Şahin
Türkiyəli hərbi ekspert Abdullah Ağar isə bildirib ki, bu, İran ətrafında çoxtərəfli məqsədlər müharibəsidir:
“ABŞ və İsrailin həm uzlaşan, həm də fərqli məqsədləri var. Hədəf İsraili təhdid altında olan bir aktordan regional təhlükəsizlik arxitekturasının mərkəzi qovşağına çevirməkdir. Lakin İran kimi inqilabi kimliyə malik rejimlərdə xarici təzyiq parçalanmaya deyil, konsolidasiyaya da səbəb ola bilər. Başqa sözlə, silahlar əks təsir yarada bilər.
Bu müharibə xüsusilə Türkiyənin Cənubi Qafqaz-İraq-Suriya və Asiya oxundakı təşəbbüs və manevr sahələrini yenidən formalaşdırmağı hədəfləyir. Başqa sözlə, müharibə birbaşa Türkiyəni də əhatə edən yeni qüvvələr balansı axtarışındadır.
Məqsəd yalnız İranı cilovlamaq deyil, Çinin enerji arteriyalarına, planlarına və investisiyalarına təzyiq göstərməkdir. Bu isə birbaşa Çinin enerji təhlükəsizliyi və Rusiya–İran oxunun pozulması ilə bağlıdır. Bu, əslində Yaxın Şərq vasitəsilə Asiya-Sakit Okean bölgəsinə mesaj göndərmək üçün atılan addımdır. Müharibənin geoiqtisadi tərəfi isə daha əhəmiyyətli və uzunmüddətli ola bilər”.
Abdullah Ağar
Ekspert qeyd edib ki, bu, həmçinin, İsrailin keyfiyyətcə hərbi üstünlüyünü və kəşfiyyat əməliyyatlarını praktikada sübut edə biləcəyi bir arenadır:
“İsrail artıq müdafiə sənayesinə yalnız Arrow-4 üçün 20 milyard dollardan artıq həcmdə sifariş verib. Bu müharibə əslində təkcə İrana qarşı deyil, həm də İran vasitəsilə bütün dünya və regiona qarşı qlobal dizayn əməliyyatı ola bilər.
Düşünürəm ki, bu, son deyil, keçid mərhələsidir. Yaxın Şərqdəki müharibə ilə formalaşan bu arxitektura Asiya-Sakit okean bölgəsində böyük güc rəqabəti üçün edilən məşqdir. Xüsusilə, bu, Asiya qapısını yarıb keçmək uğrunda bir savaşdır.
İranın ərəblərə hücumu ərəblərin ABŞ və İsrailə təzyiqi vasitəsilə İrana fayda verəcəkmi? Yoxsa ərəblər ABŞ/İsrailin müttəfiqi olacaqlar? ABŞ-ın 7 oktyabrdan bəri strateji səssizlik içində qurmağa çalışdığı şey budur. Bu müharibə, xüsusən də Körfəz ərəblərini öz oxu ətrafında saxlamaq, cəlb etmək və udmağa hesablanıb”.
Gülnar Səlimova
Globalinfo.az
İstanbul