İsrailin HƏMAS və “Hizbullah”a qarşı ən son texnologiyalar tətbiq etməklə keçirdiyi əməliyyatlar dünya ictimaiyyətinin ciddi şəkildə diqqətini çəkib.
Ötən il 7 oktyabrda HƏMAS-ın İsrailə hücumu MOSSAD və Təl-Əvivin Silahlı Qüvvələrinin fiaskosu, uğursuzluğu kimi dəyərləndirilirdi. Bu hücumun qarşısının alınmaması İsrailin ordusunun nüfuzuna ciddi zərbə kimi qəbul olundu. Hadisədən sonrakı bir il ərzində hücumun əsas təşkilatçılarından sayılan HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə, hərəkatın nümayəndəsi Yəhya Sinvar və “Hizbullah” qruplaşmasının rəhbəri Həsən Nəsrullah kimi şəxslərin öldürülməsi bütün vəziyyəti dəyişdi. Xüsusilə “Hizbullah” üzvlərinə qarşı Livanda keçirilən peycer əməliyyatı müzakirələrə səbəb oldu.
Globalinfo.az-a danışan konfliktoloq Azad İsazadə deyib ki, İsrail öz ordusu və xüsusi xidmət orqanları ilə regionun ən güclü ölkələrindədir:
“Bu, artıq faktdır. HƏMAS-ın keçən ilin oktyabrında etdiyi hücum sonrası İsrail ilə bağlı deyilənlərin yalan, şişirdilmiş məlumatlar olduğu düşünülsə də, əslində belə deyildi. İsrail kəşfiyyatı MOSSAD-ın bu hücumdan xəbəri vardı. Sadəcə Təl-Əviv daxilində siyasilər arasındakı fikir ayrılıqları səbəbindən hücumun qarşısının alınması mümkün olmadı. Əslində düşünülənin əksinə, bu məsələ MOSSAD-la bağlı deyildi.
İsrail bu gün HƏMAS-a ciddi zərbələr vurur. Son olaraq Yəhya Sinvarın ölümü də Təl-Əvivin real gücünü göstərir. İsrail kəşfiyyatı bu əməliyyatla bir daha nəyə qadir olduğunu nümayiş etdirdi. Yəni HƏMAS hücum edənə qədər İsraildə siyasi görüşlər arasında fərqləri vardı. Amma indi konkret müharibə vəziyyəti yarandığı üçün dövlət bütün resurslarından istifadə edir”.
Turan Rzayev
Globalinfo.az