“Qərb vəd etdiyi silahları Ukraynaya göndərməlidir”.
Globalinfo.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Avropa İttifaqı ölkələrinin XİN başçılarının qeyri-rəsmi görüşünə qatılmazdan əvvəl jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Qərb silahların Ukraynaya çatmamasının səbəbini gecikmə ilə izah edir:
“Lakin problem odur ki, biz bu gecikmələrin əvəzini dağıntılar və itkilərlə ödəyirik. İmkandan yararlanaraq tərəfdaşlarımıza müraciət etmək istəyirəm və ümid edirəm ki, məni başa düşəcəklər. Bu müraciətim bir ay əvvəl Ukraynaya “Patriot” kompleksini verəcəklərini vəd edənlərədir. Artıq bu sistemin tədarükünü həyata keçirin, onlar hazırdırlar, prosesdə çatışmayan yeganə şey yekun hədəfdir. Gecikmənin səbəbindən asılı olmayaraq, sistemin tədarük vaxtı çatıb”.
Əliyar Xəlil
Globalinfo.az