Prokurorluq binasından özünü atdığı deyilən Turalənin atası nədən narazıdır?

“Qızımın ölümündə əli olan Zaur və Nurlan, eləcə də Kəmalə hələ də azadlıqdadırlar”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında Mingəçevir şəhər Prokurorluğunda intihar etdiyi deyilən 32 yaşlı Turalə Aslanovanın atası Natiq Aslanov deyib.

O bildirib ki, hadisə ilə bağlı yalnız Kəmalə Quliyevə sərəncam əsasında işdən azad olunub:

“İşdən çıxarmaqla heç nə dəyişmir. Balamın qatilləri hələ də azadlıqdadırlar. Hətta bizə dedilər, guya Zaur adlı müstəntiq də işdən çıxarılıb. Amma araşdırdıq və məlum oldu ki, işini davam etdirir. Qızımın ölümündə əsas əli olan 3 nəfərdir – Kəmalə, Zaur, Nurlan. Bundan başqa Turalənin Bakıdan gələn vəkili Emin Kiçikbəyov da bizdən qaçır”.

N.Aslanov deyib ki, məsələ Azərbaycan Respublikası Baş Prokurorluğunda araşdırılır:

“İş Baş Prokurorluqdadır. Onlarla da əlaqə saxlayanda hələ araşdırma aparıldığını bildirirlər. Biz qızımızın ölümündə əli olan hər kəsin tez bir zamanda cəzasını almasını istəyirik. Bir neçə gün sonra baş prokurorla görüşməyi düşünürəm”.

Mövzu ilə bağlı Globalinfo.az baş prokurorluqla əlaqə saxlasa da, zəngimizə cavab verilməyib.

Qeyd edək ki, iyulun 19-da Mingəçevir şəhər Prokurorluğunda intihar hadisəsi baş verib. 1991-ci il təvəllüdlü Turalə Natiq qızı Aslanovanın özünü həmin binanın ikinci mərtəbəsindən atdığı iddia edilir. Valideynləri isə mediaya açıqlamalarında deyirlər ki, Turaləni öldürüb, sonra pəncərədən atıblar.

Zaira Akifqızı
Globalnfo.az