Xarici işlər naziri Ceyhun Bayramov başqa ölkələrdə silahlı münaqişələrə qoşulan Azərbaycan vətəndaşlarına ciddi xəbərdarlıq edib. Nazir bildirib ki, digər dövlətlərin ərazisində hərbi münaqişələrdə iştirak ölkə qanunvericiliyinin pozulması hesab olunur və bu, hətta Azərbaycan vətəndaşlığından məhrum edilmə ilə nəticələnə bilər.
O, eyni zamanda vətəndaşları təhlükəli bölgələrə səfər etməməyə, dövlət qurumlarının xəbərdarlıqlarını nəzərə almağa çağırıb. Açıqlama Yaxın Şərqdə davam edən gərginlik və müxtəlif münaqişə zonalarına xarici vətəndaşların cəlb olunması fonunda diqqət çəkib.
Xarici münaqişələrə qoşulan Azərbaycan vətəndaşları ilə bağlı vəziyyət necədir? Nazirin səsləndirdiyi xəbərdarlıq konkret hansı təhlükələrin artdığını göstərir?
Globalinfo.az-a danışan politoloq Aytən Qurbanova deyib ki, müasir beynəlxalq münasibətlər sistemi getdikcə daha mürəkkəb təhlükəsizlik çağırışları ilə üz-üzə qalır:
“Dövlətlərarası müharibələrin fonunda qeyri-dövlət silahlı qruplaşmalarının fəallaşması, transmilli terror şəbəkələrinin genişlənməsi və radikal ideologiyaların rəqəmsal platformalar vasitəsilə sürətlə yayılması beynəlxalq təhlükəsizlik arxitekturasını ciddi şəkildə dəyişdirir. Belə bir geosiyasi şəraitdə hər bir dövlət öz milli təhlükəsizlik strategiyasını yalnız ölkə sərhədləri daxilində deyil, sərhədlərindən kənarda baş verən prosesləri də nəzərə almaqla formalaşdırmağa çalışır.
Xarici işlər naziri Ceyhun Bayramovun başqa ölkələrdə silahlı münaqişələrə qoşulan Azərbaycan vətəndaşları ilə bağlı səsləndirdiyi xəbərdarlıq, məhz bu reallığın siyasi ifadəsidir. Bu bəyanat ilk baxışdan hüquqi xarakter daşısa da, mahiyyət etibarilə dövlətin milli təhlükəsizlik siyasətinin, beynəlxalq hüquqa sadiqliyinin və vətəndaş məsuliyyəti anlayışının strateji istiqamətlərini əks etdirən mühüm mesajdır. Bugünkü geosiyasi mənzərə göstərir ki, Yaxın Şərqdə davam edən qarşıdurmalar, regionda yeni güc balansının formalaşması uğrunda rəqabət və müxtəlif silahlı qrupların fəallaşması xarici vətəndaşların münaqişələrə cəlb olunması riskini əhəmiyyətli dərəcədə artırır.
Müasir münaqişələr artıq yalnız dövlət orduları arasında aparılan klassik müharibələr deyil. Bu qarşıdurmaların tərkib hissəsinə çevrilən terror təşkilatları, qeyri-qanuni silahlı dəstələr və transmilli cinayətkar şəbəkələr müxtəlif ölkələrin vətəndaşlarını ideoloji, dini, siyasi və ya maddi motivlərlə öz sıralarına cəlb etməyə çalışırlar. Belə şəraitdə Azərbaycanın qabaqlayıcı mövqe nümayiş etdirməsi tamamilə milli maraqlara əsaslanan təhlükəsizlik siyasətinin tərkib hissəsidir”.
Politoloq bildirib ki, Azərbaycan uzun illərdir terrorizmə və ekstremizmə qarşı ardıcıl, prinsipial və hüquqa əsaslanan dövlət siyasəti həyata keçirir:
“Dövlətin yanaşması aydındır. Belə ki, heç bir ideoloji, dini və ya siyasi motiv Azərbaycan vətəndaşının xarici ölkədə qanunsuz silahlı fəaliyyətə qoşulmasına haqq qazandıra bilməz. Bu mövqe həm milli qanunvericiliyin tələblərinə, həm də Azərbaycanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərə tam uyğundur.
Nazirin vətəndaşları təhlükəli bölgələrə səfər etməməyə çağırması da xüsusi diqqətə layiqdir. Müasir münaqişə zonalarında təhlükə yalnız hərbi əməliyyatlarla məhdudlaşmır. Həmin ərazilər eyni zamanda terror təşkilatlarının, insan alveri şəbəkələrinin, qanunsuz silah və narkotik dövriyyəsinin, eləcə də müxtəlif radikal qrupların fəaliyyət göstərdiyi mürəkkəb təhlükəsizlik məkanına çevrilib. Belə şəraitdə həmin bölgələrə səfər edən şəxslərin iradəsindən asılı olmayaraq müxtəlif cinayətkar strukturların təsir dairəsinə düşməsi ehtimalı kifayət qədər yüksəkdir. Digər mühüm məqam isə dövlətin vətəndaşlıq institutuna verdiyi strateji əhəmiyyətlə bağlıdır.

Aytən Qurbanova
Vətəndaşlıq yalnız hüquqi status deyil, eyni zamanda dövlət qarşısında məsuliyyət, Konstitusiyaya sadiqlik və milli maraqların qorunması öhdəliyidir. Xarici silahlı münaqişələrdə könüllü iştirak həmin öhdəliklərin kobud şəkildə pozulması kimi qiymətləndirilir. Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda, məsuliyyət tədbirlərinin sərtləşdirilməsi cəza məqsədi daşımır. Bu məsələdə əsas məqsəd potensial risklərin qarşısını almaq, radikallaşmaya qarşı preventiv mexanizmləri gücləndirmək və cəmiyyətə aydın hüquqi mesaj verməkdir. Bugün informasiya müharibələrinin və rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi bir dövrdə radikal qrupların fəaliyyət metodları da dəyişib. Əgər əvvəllər silahlı qruplaşmalara cəlbetmə əsasən fiziki əlaqələr üzərindən həyata keçirilirdisə, indi bu proses sosial media platformaları, şifrələnmiş kommunikasiya kanalları və müxtəlif rəqəmsal resurslar vasitəsilə aparılır. Bu isə təhlükəsizlik çağırışlarını daha mürəkkəb xarakterə çevirir və dövlətlərin qabaqlayıcı tədbirlər görməsini zəruri edir. Azərbaycanın mövqeyi bu baxımdan beynəlxalq təhlükəsizlik gündəliyi ilə tam uzlaşır”.
Politoloq qeyd edib ki, dünyanın aparıcı dövlətləri də xarici terrorçu döyüşçülərin fəaliyyətini milli təhlükəsizliyə ən ciddi təhdidlərdən biri kimi qiymətləndirir və onların silahlı münaqişələrə cəlb olunmasının qarşısını almaq üçün hüquqi, institusional və preventiv mexanizmləri davamlı şəkildə gücləndirirlər.
“Azərbaycanın həyata keçirdiyi siyasət də məhz bu yanaşmanın tərkib hissəsidir və ölkəmizin beynəlxalq hüquqa sadiq, məsuliyyətli dövlət mövqeyini bir daha nümayiş etdirir. Ümumiyyətlə, xarici işlər naziri Ceyhun Bayramovun səsləndirdiyi xəbərdarlıq cari vəziyyətə verilmiş ani reaksiya deyil. Bu dəyişən beynəlxalq təhlükəsizlik mühitinin düzgün qiymətləndirilməsinə əsaslanan strateji dövlət siyasətinin növbəti təzahürüdür. Azərbaycan bununla həm öz vətəndaşlarını təhlükəli proseslərdən qorumağa çalışır, həm də milli təhlükəsizliyə yönələn potensial risklərin qarşısını qabaqlayıcı şəkildə almaq niyyətini nümayiş etdirir. Onu da qeyd etmək lazımdır ki, müasir dünyada milli təhlükəsizlik anlayışı artıq yalnız dövlət sərhədlərinin müdafiəsi ilə ölçülmür.
Dövlətin təhlükəsizliyi onun vətəndaşlarının xaricdəki davranışından, beynəlxalq hüquqa münasibətindən və milli maraqlara sadiqliyindən də birbaşa asılıdır. Azərbaycanın bu məsələdə nümayiş etdirdiyi prinsipial mövqe göstərir ki, milli təhlükəsizlik siyasətinin əsas məqsədi yalnız mövcud təhdidlərə cavab vermək deyil, eyni zamanda gələcək riskləri vaxtında müəyyənləşdirərək onların qarşısını almaqdır. Məhz bu yanaşma ölkəmizin təhlükəsizlik strategiyasının davamlılığını təmin edən ən mühüm amillərdən biri kimi çıxış edir”.
Turan Rzayev
Globalinfo.az