Baydenin əsas kompleksi: bunu eşidəndə qəzəblənir

ABŞ tarixinin ən yaşlı Prezidenti olan Co Baydenin yaşı ilə bağlı kompleksinin olduğu məlum olub.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən “Politico” jurnalı yazıb.

Məlumata görə, ötən ay 80 yaşı tamam olan Co Bayden 2024-cü ildə keçiriləcək növbəti prezident seçkiləri kontekstində onun yaşının çox olması qeyd edilərkən qəzəblənir.

Bildirilir ki, ABŞ lideri 2022-ci ilin əvvəlində öz administrasiyasının əməkdaşları ilə görüşündə müzakirələr zamanı əsəbləşərək “Elə bilirsən, mən neçə yaşımın olduğunu bilmirəm, lənətə gəlsin?!” deyib. Baydenə yaxın olan şəxslər Prezidentin belə məqamlarda çox əsəbi olduğunu və qeyri-etik ifadələrdən istifadə etdiyini qeyd ediblər.

Xatırladaq ki, noyabrın 20-si Bayden öz doğum gününü Ağ Evdə səhər yeməyi zamanı ailəsinin əhatəsində qeyd edib. “CNN” yazır ki, Bayden bu vəzifədə 80 illik yubileyini qeyd edən ilk ABŞ Prezidentidir və diqqətləri öz yaşına cəlb etmək istəməyib. İddia olunur ki, Bayden yaşının gələcək seçki prosesinə mane olmasını istəmir. Bu səbəbdən də, Baydenin ad günü ilə bağlı ictimai tədbirlər təşkil edilməyib.

Bayden 2024-cü ildə keçiriləcək növbəti prezident seçkilərində iştirak etmək niyyətindədir. ABŞ lideri bu barədə yekun qərarını 2023-cü ilin əvvəlində verəcək.