Bakının Xankəndi planı: Ermənistan qarışır, Paşinyan hücuma hazırlaşır

Azərbaycanlı ekoloqların Laçın yolunda etiraz aksiyası Qarabağda separatçılar arasında gərginliyi bir qədər də artırıb. Bakının son Xocalı həmləsindən sonra separatçıların arasında gərginliyin yaşanacağı gözlənilirdi, amma növbəti həmlənin haradan gələcəyi müəmmalı olaraq qalırdı. Xüsusilə Ukraynada əməliyyatların səngiməsi fonunda Rusiyanın bufer zonası saydığı digər bölgələrdə aktivləşməsi gözlənilirdi ki, bu da Azərbaycan üçün heç də sərfəli məqam deyil. Məhz bu amil həm də Bakını daha sürətli davranmağa məcbur edirdi. Digər tərəfdən isə Xocalı həmləsi sayəsində Bakı həm də rəqiblərini onun əlinə oynamağa vadar edə bildi. Bu isə Azərbaycan rəhbərliyində qarşı tərəfin qırmızı xətlərinin haradan keçdiyini yaxşı anladığını göstərir. Görünür, indiki məqamda məhz bunun üzərinə getməyə çalışmaqla Bakı həm də özü üçün münbit şərait formalaşdırmağa çalışır.

Əslində Xocalı həmləsindən sonra Rusiya sülhməramlılarının Bakını digər bölgələrə buraxmaması üçün hər şeyi edəcəyi də gözlənilirdi. Bu isə başa düşülən idi. Çünki Azərbaycanın Qarabağda aparacağı istənilən monitorinq və ya bölgəyə əngəlsiz girişi Moskvanın nüfuzunu zədələməklə bərabər, ona qarşı İrəvanda alternativ oyunun formalaşdırmasına imkan yaradırdı. Belə bir vəziyyət Bakıya hərtərəfli sərf edirdi. Yəni yaşanacaq istənilən fikir toqquşması onun opponentləri arasında fikir ayrılığını gücləndirəcəkdi ki, bundan Azərbaycan istifadə etmək niyyətində idi. Üstəlik, fikir ayrılıqları gələcəkdə Qarabağdakı gərginliyin Azərbaycan ərazilərindən transformasiyası üçün şərait yaratmış olacaq. Ona görə də sülhməramlıların üzərinə getməklə Bakı perspektivdə sərt reaksiyaları üçün leqal əsasların yaranmasına zəmin formalaşdırmış olur. Bunun da nəticəsi artıq Laçın yolunda özünü göstərir.

Bununla belə, Bakının son həmləsi həm də son üç ayda Bakı ilə İrəvan arasında aparılan intensiv təmaslarla bağlı bir sıra mətləbləri də anlamağa kömək edir. Belə ki, həm Rusiya xarici işlər naziri Sergey Lavrovun son mətbuat konfransında söylədiyi fikirlər, həm Ceyhun Bayramovun Moskvaya son səfəri, eləcə də ABŞ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Rikerin bölgədə peyda olması əslində proseslərin dalana dirənməkdən daha çox özünün “razvyazka” mərhələsinə gəlib çatdığını göstərir. Bu məqamda isə İrəvan da daxil olmaqla hər bir tərəf artıq ənənəvi mövqelərini müdafiə etmək yerinə, prosesin yekununda nə qazanacağını müəyyən etməyə çalışır. Nəticədə tərəflər özlərinin strategiyasına və yekun hədəfinə fokuslanmış olurlar. Xüsusilə Moskva indiki mərhələdə yaranmış situasiyadan maksimum bəhrə götürməyə cəhd edir ki, bu da onu daha böyük güzəştlərə məcbur edir. Digər tərəfdən Kremldə də Qarabağda çox qalmağın mümkün olmayacağının fərqindədirlər. Ona görə də Moskva daha çox özünün bölgədə mövcudluğunu saxlamaq məsələsinə fokuslanmağına şərait formalaşdırır ki, bu da onun davranışlarını izah etməyə kömək edir. Bununla isə Moskva Bakı və İrəvandan maksimum güzəşt almağı hədəfləyir. Putinin hər iki tərəfə son telefon zəngi və bundan sonra üç tərəfin də az qala bir-birinə bənzər formada Zəngəzur vurğulu press-reliz yayması bu güzəştin nə olduğunu müəyyən qədər anlamağa yardımçı olur.

Xocalı həmləsindən İrəvandan verilən açıqlamalar da Qarabağda hansı oyunun getməsindən xəbərdar olduğunu anlamağa kömək edir. Paşinyan əsas təhdidin hansı istiqamətdən gəldiyini bildiyi üçün mövqelərini məhz buna uyğun olaraq konfiqurasiya etməyə can atır. Bu isə onun maraqlarının Qarabağda Bakı ilə yaxınlaşmasına şərait yaradır. Nəticədə həm Azərbaycanın qurduğu oyunu oynamaqla Paşinyan təkcə öz hakimiyyətini zəmanət altına almağa müvəffəq olmur, həm də Moskvanın diqqətini Ermənistan üzərində fokuslanmağına mane olur. Təsadüfi deyil ki, son proseslər fonunda erməni iqtidarının nümayəndələrinin dolayısı yolla Rusiyaya qarşı təbliğatı  güclənməyə başlayıb. Doğrudur, İrəvan açıq şəkildə Kremli ittiham edəcək bəyanatlar vermir, amma bunun əvəzində elə situasiya formalaşdırır ki, bununla ictimaiyyət arasında Qarabağın məhz onun sayəsində İrəvanın nəzarətindən çıxdığı və indi də Rusiyanın onu müdafiə etmək istəmədiyi görüntüsü yaradır. Həm Ermənistan Xarici İşlər Nazirliyinin son bəyanatı, həm də erməni deputatların səsləndirdikləri fikirlər buna sübut ola bilər. Nəticədə İrəvan yuxarıda qeyd edilən tezisi gücləndirməklə özünün Qarabağla bağlı prosesdən çıxması üçün mühüm fürsət əldə etmiş olur.

Ən maraqlı məqam isə Xankəndidə İrəvan-Rusiya toqquşmasının pik həddə çatmasıdır. Belə ki, Paşinyanın addımları İrəvanın Qarabağda yaşanan fikir ayrılıqlarını qəsdən manipulyasiya etdiyini göstərir. Təsadüfi deyil ki, Xocalı həmləsindən dərhal sonra səssizliyini qoruyan Ermənistan rəhbərliyi digər tərəfdən də çoxdandır imkanlarından yararlanmadığı qondarma rejimin Təhlükəsizlik Şurasının keçmiş sədri Samvel Babayanı yenidən aktivləşdirərək, separatçıların rəhbərliyinə qarşı istifadə edir. Üstəlik, bu proses həm də Filip Rikerin bölgəni ziyarətindən sonra yaşanır. Babayanın Qərb dairələri ilə yaxşı əlaqələrinin olması nəzərə alınarsa, bu səfərlə siyasətçinin aktivləşməsi arasında müəyyən əlaqə də tapmaq olar. Həmçinin Babayanın qondarma rejimin parlamentindən ikinci ən böyük qüvvəyə sahib olması da Paşinyana Qarabağdakı separatçı elita arasında öz oyununu qurmaq imkanı verir. Yəni hakimiyyət dəyişikliyi tələblərini aktivləşdirməklə Nikol təkcə separatçı elita arasında parçalanma yaratmağa cəhd etmir, həm də rejimin ümumilikdə fəaliyyət imkanlarını da məhdudlaşdırır. Bu isə Ruben Vardanyanın separatçılar arasında dominantlığı ələ keçirmək istəməsi fonunda çox mühüm həmlədir. İrəvan isə Babayan kartından yararlanmaqla Vardanyanın dominantlığına imkan vermək niyyətində olmadığını nümayiş etdirir. Dolayısı yolla Paşinyan Vardanyana mane olmaqla həm də Rusiyanın planlarına qarşı meydan oxumuş olur.

Paşinyanın mövqeyi onu münasibətlərinin heç də yaxşı vəziyyətdə olmadığı Araik Arutyunyanla da yaxınlaşdırır. Doğrudur, Arutyunyan Vardanyana ilk vaxtlarda müəyyən şərait yaratsa da son proseslər qondarma liderin hakimiyyətini heç də onunla paylaşmaq istəmədiyini göstərir. Bu isə məntiqli olaraq Arutyunyanı da Moskvaya qarşı sipərdə özünə yer etməyə kömək edir. Təsadüfi deyil ki, dekabrın 6-da Fransaya gedən separatçıların rəhbəri burada Qarabağda beynəlxalq müşahidə missiyasının yerləşdirilməsini tələb etməklə artıq Moskvaya qarşı açıq mövqe nümayiş etdirmiş olub. Arutyunyana isə bu ideyanın İrəvandan verildiyi şübhəsizdir. Maraqlı məqam isə ekoloqların Laçın yolundakı aksiyalarından sonra bu ideyanın təbliğatının maksimal həddə çatmasıdır ki, bu işdə də xüsusi rolu Xankəndidəki mitinqlərin əsas təşkilatçısı Tiqran Petrosyan oynayır. Petrosyanın Paşinyan administrasiyası ilə yaxınlığı həm də son hadisələr fonunda Qarabağda Rusiya sülhməramlılarına qarşı təbliğatın əsas dəlili ola bilər.

İrəvanda da yaxşı dərk edirlər ki, Qarabağa indiki dönəmdə hansısa beynəlxalq müşahidəçilərin yerləşdirilməsi mümkün deyil. Buna təkcə Bakı yox, həm də Moskva qarşı çıxacaq ki, bu da onu əngəlləmək üçün yetərlidir. Görünən odur ki, belə təklifi gündəmdə saxlamaqla Paşinyan Rusiyaya qarşı sadəcə effektiv rıçaqlar əldə etmək istəyir.

Moskva da proseslərin hansı istiqamətdə irəlilədiyindən xəbərdardır. Xankəndidə nəzarəti itirməkdə hələlik maraqlı olmayan Rusiya üçün Vardanyanın önəmi bir qədər də artır ki, bundan da Kreml maksimum şəkildə yararlanmaq niyyətindədir. Bu isə öz növbəsində Rusiyanı təkcə qondarma rejimdəki hökumətin yox, eləcə də güc strukturlarının birbaşa Vardanyanın nəzarətinə keçirməyə vadar edir. İrəvan da buna hərtərəfli şəkildə mane olmağa çalışır. Digər tərəfdən isə Rusiya İrəvanın onu nüfuzdan salmasına qarşı cavabı məhz Ermənistan daxilində özünün təsir rıçaqları vasitəsilə verir. Moskva bu istiqamətdə fəaliyyəti xüsusilə II Qarabağ müharibəsi üzərinə vurğu edərək həyata keçirir ki, bununla da ictimaiyyət daxilində “Ermənistanın təhlükəli vəziyyətə düşməsinin səbəbkarı Paşinyandır” tezisini təbliğ etməyə çalışır.

Əslində Rusiya da Ermənistanda çətin vəziyyətə düşdüyünü çox gözəl formada sezə bilir. Ona görə də Moskva Paşinyana əsas zərbəni məhz ictimai fikrin dəyişməsi üzərindən vuraraq, ona qarşı həm Qarabağda, həm də Ermənistanda narazı kütlə formalaşdırır. Bu da gələcəkdə Qarabağdan Ermənistana miqrasiyanın artması fonunda Paşinyana qarşı effektiv rıçaqların əldə edilməsinə gətirib çıxaracaq. Üstəlik, ekoloqların aksiyasından sonra İrəvanda keçirilən mitinqlərə nəzər yetirsək, onun əsas kütləsini Ermənistan erməniləri yerinə, Qarabağ ermənilərinin təşkil etdiyini görmək olar. Məhz bu mənzərə təkcə Ermənistan ictimaiyyətinin prosesə marağının itdiyini göstərmir, həm də Paşinyanın arzuladığı kimi siyasi aktivliyinin azaldığını sübuta yetirir. Moskvaya isə bu, indiki dönəmdə qətiyyən sərf etmir. Ona görə də gələcəkdə narazı kütlənin formalaşmasına əsas yatırımı edən Moskva digər tərəfdən Vardanyanın ermənilər arasında imicinin yüksəldilməsinə şərait yaradır ki, onu Qarabağı müdafiə edən “vətənpərvər” simasında saxta inqilabçı Paşinyana qarşı alternativ kimi təqdim edə bilsin.

Bütün bunlar Moskvanı vadar edir ki, separatçıların tam liderliyini məhz Vardanyana ötürülməsinə imkan yaratsın. Təsadüfi deyil ki, Rusiyadan qayıtdıqdan sonra Vardanyan məhz Qarabağdakı generalları toplayaraq, əhalinin mülki müdafiəsinə hazırlanması üçün tədbirlərin görülməsi tapşırığını verib. Bu isə Bakıya qarşı partizan savaşına hazırlıqdan daha çox, həm də Vardanyanın nüfuzunun artırılmasına xidmət edən həmlə kimi görünür. Bununla bərabər isə o, Moskvadan qayıdan kimi həm də qondarma rejimdə təcili referendumun keçirilərək, yarıprezident sisteminin bərpasını tələb edib ki, bu da Arutyunyana birbaşa meydan oxunması anlamına gəlir. Məhz Arutyunyan noyabrın əvvəllərində yanvar ayına planlaşdırılan referendumun təxirə salınmasını istəmişdi. Görünür indi məsələni aktuallaşdırmaqla Vardanyanın Xankəndidə hakimiyyətinin təmin olunması üçün yekun mərhələyə start verilir. Bu isə Arutyunyanın hətta belə tələbə razılaşmayacağı halda onun devriləcəyi ilə bağlı ehtimalları artırır. Vardanyanın Kremldən bu təlimatla qayıtması, həm də Rusiyanın artıq İrəvanla bağlı kritik mərhələyə keçdiyinin sübutu ola bilər. Rusiyanın bu istiqamətdə nə dərəcədə uğur qazanacağı təkcə özünün seçəcəyi taktikadan yox, həm də Bakı ilə necə dil tapmağa çalışacağından asılı olacaq. Bakı isə diqtəedici mövqeyini qoruyub saxlamaqdadır. Ermənistanda dərinləşməkdə olan qarşıdurma Azərbaycanın imkanlarını daha da artırır.

Globalinfo.az
Xəbər Xidməti