
Azərbaycan Prezidenti İlham Əliyevin 22-24 aprel tarixlərində Pekinə səfəri çərçivəsində Çin Prezidenti Si Cinpinlə görüşü beynəlxalq siyasi arenada diqqət çəkdi. Görüş zamanı iki ölkə arasında əhatəli strateji tərəfdaşlıq quruldu, 20-dən çox müqavilə imzalandı, yaşıl enerji, rəqəmsal iqtisadiyyat və kosmik tədqiqatlar sahələrində əməkdaşlıq imkanları nəzərdən keçirildi. Bakının belə bir iqtisadi dünya nəhəngi ilə əlaqələri gücləndirməsi qlobal sferada maraqla qarşılandı.
Azərbaycan paralel olaraq qonşu ölkələrlə münasibətləri də inkişaf etdirir. İranla əldə olunan Şimal-Cənub nəqliyyat dəhlizinin genişləndirilməsi ilə bağlı razılaşma, həmçinin Naxçıvanla əlaqələrin gücləndirilməsi məqsədilə yeni dəhliz layihələrinin müzakirəsi buna nümunədir. Eyni zamanda Türkiyə və Rusiya ilə münasibətlərdə də inkişaf dinamikası müşahidə edilir.
Prezident İlham Əliyevin diplomatik fəaliyyəti Azərbaycanın beynəlxalq arenada nüfuzunun artmasına və qlobal məsələlərdə daha fəal iştirakına şərait yaradıb.
Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov bildirib ki, Azərbaycan son illərdə həm beynəlxalq tədbirlərə ev sahibliyi edir, həm də ərazi bütövlüyünü bərpa etmiş nadir ölkələrdən biridir:
“Bu, ölkəmizin beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırır. Rəsmi Bakı strateji üstünlüyünü öz milli maraqlarını qorumaq üçün uğurla istifadə edir. Xarici siyasətimiz balanslı və çoxşaxəlidir. Bu o deməkdir ki, Azərbaycan öz maraqları çərçivəsində hərəkət etsə də, bölgənin reallıqları, region ölkələrinin maraqlarını və böyük güclərin mövqelərini də nəzərə alır.
Məhz bu səbəbdən, hazırda bir-birinə qarşı olan böyük güclər belə, Azərbaycanı etibarlı tərəfdaş kimi görür və ölkəmizlə əməkdaşlıqda maraqlıdırlar”.
Oqtay Qasımov
Politoloqun sözlərinə görə, bu gün Azərbaycan qarşı-qarşıya olan tərəfləri uzlaşdıra bilir və sülh proseslərində vasitəçi ölkə kimi çıxış edir:
“Bu, ölkəmizin beynəlxalq nüfuzu baxımından çox mühümdür. Rəsmi Bakının tərəfsiz və ədalətli mövqeyi bu seçimi əsaslandırır.
Son illərdə biz ABŞ və Rusiya arasında danışıqların məhz Bakıda baş tutduğuna şahid olduq. Bundan əlavə, NATO-Rusiya təmasları və Türkiyə-İsrail arasında dialoq cəhdləri də Azərbaycanın vasitəçi rolunu nümayiş etdirir.
Bütün bu nüanslar Bakının uğurlu və balanslı xarici siyasətinin nəticəsidir. Müşahidə olunan proseslər ölkəmiz üçün mühüm diplomatik nailiyyətlərdir və Azərbaycanın beynəlxalq aləmdə artan rolunu təsdiqləyir.”
Turan Rzayev
Globalinfo.az