Paytaxt sakinləri velosiped və skuterlərlə bağlı narazılıq edir. Bildirilir ki, bu nəqliyyat vasitələrini idarə edən şəxslər yollarda hərəkət zamanı qəfil manevrlər edir, yolun hərəkət hissəsindən necə gəldi keçirlər. Digər tərəfdən, bir çox ölkələrdə elektrikli skuterlərin istifadəsi ilə bağlı müxtəlif məhdudiyyətlər və qadağalar tətbiq olunub. Bu, təhlükəsizlik tədbirləri, piyadalar üçün risklər, şəhər infrastrukturuna təsirlərlə əlaqəlidir. Məsələn, 2023-də Fransada icarəlik elektrikli skuterlərin istifadəsi qadağan edildi.
Azərbaycanda skuterlərə qadağa qoyula bilərmi?
Globalinfo.az-a danışan nəqliyyat eksperti Eldəniz Cəfərov deyib ki, kiçik elektrikli, mühərrikli nəqliyyat vasitələri, skuter və velosipedlərin də sürücüləri məsuliyyət daşıyırlar:
“Yəni onlar da yol hərəkətinin bərabərhüquqlu, həm də məsul iştirakçısı kimi qanunda təsbit ediliblər. Burada vəzifələrlə yanaşı, həm də skuterləri icarəyə verən şirkətlər qarşısında tələblər qoyulub. Belə ki, skuteri icarəyə götürən vətəndaş onu xüsusi ayrılmış yerdən kənarda saxlasa, bu zaman müvafiq şirkət də cərimələnir. Lakin Azərbaycanda skuterlərə qadağa qoyulması inandırıcı deyil. Müəyyən məhdudiyyətlər mümkündür”.
Eldəniz Cəfərov
Ekspert bildirib ki, skuter və velosiped idarə edən hər kəs məsuliyyət daşıdığını, qəza törətdikdə məsuliyyətdən yayına bilməyəcəyini anlamalıdır:
“Ola bilər, şirkətlər əvvəlcədən vətəndaşın hüquq və vəzifələri, yol hərəkəti qaydalarını onlayn şəkildə göstərsin. Tanış olduqdan sonra elektron imza atılsın və müvafiq icazə verilsin. Xüsusilə gənclərin çoxu qaydalara bələd deyil. Skuterdən əsasən əyləncə, bəzən də nəqliyyat vasitəsi kimi istifadə edirlər. Ona görə də istifadə barədə öncədən məlumat verilməlidir”.
Zaira Akifqızı
Globalinfo.az