Bakıda qadın marketdən oğurluq edərkən yaxalandı – FOTO

Xətai rayonu, Xudu Məmmədov küçəsində yerləşən “Megastore” supermarketində oğurluğa cəhd edilib.

Globalinfo.az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, hadisə 22:00 radələrində ortayaşlı bir qadın tərəfindən törədilib.

Belə ki, marketdəki kassalardan birinin boş olmasından istifadə edən qadın aldığı ərzaqları torbalara yığaraq marketin yaxınlığındakı taksiyə minərək uzaqlaşmaq istəyib.

Marketin kameralarına yaxalanan qadın hadisə yerindən uzaqlaşarkən market əməkdaşları tərəfindən saxlanıb.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib və qadın market əməkdaşlarının nəzarətində müvəqqəti marketdə saxlanılıb.

Bundan başqa, oğurluğa cəhd edən qadının hadisə yerindən uzaqlaşmaq üçün mindiyi taksinin sürücüsü ilə market əməkdaşları arasında mübahisə yaşanıb.

Taksi sürücüsünün oğurluğa cəhd edən qadınla əlaqəsinin olmadığı aşkarlandıqdan sonra mübahisə yekunlaşıb.

Turan Rzayev
Globalinfo.az