Bakıda külək, bu rayonlarda günəş elektrik stansiyaları tikiləcək

Nazirlər Kabineti Bakı şəhəri, Qaradağ rayonunun və Abşeron rayonunun inzibati ərazilərində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib.

Globalinfo.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra Bakı şəhəri, Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində dövlət mülkiyyətində 3,375 hektar, Abşeron rayonunun inzibati ərazisində dövlət mülkiyyətində 19,875 hektar və Abşeron rayonu Pirəkəşkül-Qobustan Bələdiyyəsinin mülkiyyətində 11,25 hektar olmaqla, ümumilikdə kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid 34,5 hektar torpaq sahəsi qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyasının tikintisi məqsədilə bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib.

Nazirlər Kabineti Biləsuvar və Neftçala rayonlarının inzibati ərazilərində dövlət mülkiyyətinə aid torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin əraziləri kimi müəyyən edilməsi haqqında qərar qəbul edib.

Qərara əsasən, bundan sonra Biləsuvar rayonunun inzibati ərazisində dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid 1 454 hektar torpaq sahəsi qoyuluş gücü 445 MVt olan günəş elektrik stansiyasının tikintisi məqsədilə bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib.

Həmçinin Neftçala rayonunun inzibati ərazisində Müdafiə Nazirliyinin istifadəsində olan sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aid 523 hektar torpaq sahəsi Energetika Nazirliyinin istifadəsinə verilməklə, Neftçala rayonu Yenikənd Bələdiyyəsinin mülkiyyətində olan 400 hektar və Neftçala Bələdiyyəsinin mülkiyyətində olan 50 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələri ilə birlikdə, ümumilikdə 973 hektar torpaq sahəsi qoyuluş gücü 315 MVt olan günəş elektrik stansiyasının tikintisi məqsədilə bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib.

Bu Qərarların icrasına nəzarət Nazirlər Kabineti Aparatının Aqrar və ekologiya şöbəsinə həvalə edilib.