Bakıda film kimi olay: oğurluğa getdi, qıçı sındı

Bakıda binanın qarşısındakı ağac vasitəsi ilə 5-ci mərtəbəyə çıxıb oğurluq etmək istəyən şəxsin başına iş gəlib. 

Globalinfo.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 59 ünvanında yerləşən 5 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsindəki evdə baş verib.

1979-cu il təvəllüdlü Şəmkir rayon sakini olan Arif (şərti) gecə saat 01.00 radələrində sözügedən ünvanda yerləşən binanın 5-ci mərtəbəsində yerləşən mənzillərdən birinin işıqlarının yanmadığını görüb. Həyətdə sakinlərdən kiminsə gözə dəymədiyini və sakitçilik olduğunu görüb həmin mənzildən oğurluq etmək qərarına gəlib. Bu məqsədlə binanın qarşısındakı ağaca çıxaraq, 5-ci mərtəbəyədək qalxıb və mənzilin eyvanına tullanıb. Bir-iki dəqiqə eyvanda gözləyib, mənzildən səs gəlmədiyini və heç kimin olmadığını müəyyənləşdirdikdən sonra evə girib.

Mənzili axtarsa da, pul və qızıl-zinət əşyaları tapa bilməyib. Bu səbəbdən ev əşyalarını – televizor, paltaryuyan maşın, kondisioner, su qızdırıcısı və soyuducunu oğurlamaq qərarına gəlib. Arif kondisioneri, su qızdırıcısını və paltaryuyan maşını sökərək yerindən çıxardıb. Məqsədi əşyaları evvandan aşağı düşürmək olub. İlk olaraq televizoru ağac vasitəsi ilə aşağı düşürmək istəyib və bu zaman yerə yıxılıb. Oğru eyvandan televizorla birlikdə əvvəlcə ağacların üzərinə, oradan isə binanın həyətinə yıxılıb və müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisə zamanı onun sağ qıçı sınıb.

Arif ağrının şiddətindən ayağa qalxaraq qaça bilməyib və qışqırmağa başlayıb. Səs-küyə həyətə çıxan bina sakinləri onu yerə yıxılmış vəziyyətdə aşkar edərək polisə və təcili-tibbi yardıma məlumat veriblər. Həkimlər polislərlə birgə ona ilkin tibbi yardım göstərdikdən sonra Təcili Tibbi Yardım avtomobili ilə xəstəxanaya aparıblar.

Məhkəmənin qərarı ilə Arif Cinayət Məcəlləsinin 29 və 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.