Bakıda dəhşətli hadisədə ölən məktəbli qızların FOTOLARI

20 dekabr 2022-ci il tarixində Xəzər rayonu ərazisində baş vermiş dəhşətli yol qəzasında həyatını itirən şagirdlərin təhsil aldığı 262 saylı orta məktəbdə xatirə guşəsi yaradılıb.

Globalinfo.az xəbər verir ki, məktəbin foyesində qəzada həlak olan şagirdlər: 7 A və 8 B sinif şagirdləri Lütfəlizadə Zalina və Lütfəlizadə Aminənin fotoları yerləşdirilib və əklil qoyulub. Məktəbin paylaşımında qeyd edilib: “Baş vermiş hadisə məktəbin pedaqoji kollektivi və şagird heyətini dərindən sarsıtmşdır. Şagirdlərimizə Allahdan rəhmət diləyir, onların vaxtsız vəfatından dərin hüznlə valideynlərinə və yaxınlarına başsağlığı veririk!

Qeyd edək ki, məktəbin direktoru Kəmalə Babayeva da hadisə barəsində səhifəsində paylaşım edib:

“Zalinaya birinci və axırıncı dərsləri mən keçdim. Mən yola saldım Zalinanı sinifdən. Təsadüfən… Həmişəki kimi aktiv idi dərsdə, hətta lövhədə testləri də işlədi. Amma bircə şey fərqli idi Zalinada bu gün – həmişə taxdığı və ona çox yaraşan ağ bantını taxmamışdı. Məkanın cənnət olsun, cənnət mələyimiz…”

Qeyd edək ki, hadisə vaxtı şagirdlərin olduğu “VAZ-2107” maşınla “Hyundai” markalı avtomobil toqquşub. Nəticədə “Vaz-2107” avtomobilin sürücüsü və sərnişini olan qızlar həyatlarını itiriblər. Qızların anası, eləcə də avtomobillərdə olan digər 6 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

İlkin araşdırmalar nəticəsində qəzaya taksi fəaliyyəti göstərən Bakı şəhər sakini 34 yaşlı Həsənov Abil Sədrəddin oğlunun idarə etdiyi “Hyundai”ın səbəb olması müəyyən edilib. Abil Həsənov həmin gün səhər saatlarından başlayaraq fasiləsiz taksi fəaliyyəti ilə məşğul olduğu üçün yorulduğunu və bu səbəbdən sükan arxasında yuxulayaraq qarşı hərəkət zolağına çıxdığını bildirib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


Zaira Akifqızı
Globalinfo.az