
Zaman-zaman Cənubi Qafqazda uzunmüddətli sülhün təmin edilməsi üçün regionun üç ölkəsi – Azərbaycan, Gürcüstan və Ermənistan arasında vahid bazarın yaradılması məsələsi gündəmə gəlir. Sonuncu dəfə bu təkliflə Ermənistanın “Alternativ” analitik mərkəzinin rəhbəri Tatul Manaseryan çıxış edib.
O bildirib ki, əvvəl-axır bu ölkələr müştərək bazar formalaşdıraraq, regional güclərdən asılılıqlarına son qoyacaqlar.
Mövzunu Globalinfo.az-a şərh edən iqtisadçı Xalid Kərimli deyib ki, vahid bazarın yaradılması ideyası hələlik reallıqdan çox uzaqdır:
“Vahid bazar sərhədlərin açıq olması, insanların rahat hərəkət etməsi, kapitalın rahat axını, mal-xidmətin gömrüksüz hərəkət etməsi deməkdir. Azərbaycan, Ermənistan və Gürcüstan arasında bu formada ticarətin olması reallıqdan çox uzaqdır. Ona görə ki, birincisi, Ermənistan Avrasiya İqtisadi İttifaqının (Aİİ) vahid bazarındadır. Ya Ermənistan o ittifaqdan çıxmalıdır, ya da Azərbaycanla Gürcüstan ora daxil olmalıdır. Bundan sonra vahid bazarın formalaşmasından danışmaq olar. Bunun da olması indiki məqamda mümkünsüzdür. İlk növbədə Ermənistanın Aİİ-nə üzvlüyü dayanmalı, sonra üç ölkə konvensiyalarla ticarətin, kapitalın, insanların hərəkətini təmin etməlidir. Bu isə hazırda fantastik filmlərə bənzəyir”.
İqtisadçının fikrincə, Ermənistan Zəngəzur dəhlizini açmalıdır ki, Azərbaycan Naxçıvana rahat hərəkət etsin:
“Doğrudan da bunun çox ciddi və təsirli nəticələri ola bilər. Təbii ki, vahid bazar da qurulsa, qonşular bir-biriləri ilə rahat ticarət yaratsa, gömrüksüz mal axını olsa, bu, hər üç ölkənin maraqlarına xidmət edəcək”.
Deputat Vahid Əhmədovun sözlərinə görə isə belə bir bazarın yaradılmasında iqtisadi baxımdan güclü tərəf Azərbaycandır.
“Hətta Gürcüstan da Azərbaycanın quru xətlərinin hesabına yüksək vəsaitlər əldə edir. Ermənistanın elə də ciddi iqtisadiyyatı yoxdur. Azərbaycan kifayət qədər böyük bazarı olan dövlətdir. Qafqazda ən güclü, inkişaf etmiş dövlət məhz Azərbaycandır. Ona görə də regionda vahid bazarın yaradılmasının bizim üçün o qədər də əhəmiyyəti olmaz”.
V.Əhmədovun fikrincə, sözügedən bazar sistemi yaradılarsa, ermənilər qazanc əldə edəcəklər:
“Gürcülər də müəyyən qədər müsbət dividentlər əldə edə bilərlər. Lakin inanmıram ki, belə bir bazar fəaliyyət göstərə bilsin. Çünki istər siyasi, istərsə də digər məsələlərdə müəyyən problemlər var. Eyni zamanda Azərbaycan Prezidenti daha çox ikitərəfli əməkdaşlığa üstünlük verir. Bu, tamamilə düzgün addımdır”.
Zaira Akifqızı