Xankəndidəki paradda sülhməramlılar da iştirak edəcək? – “Məqsəd budur ki…”

Xankəndidə Zəfər Paradının keçiriləcəyi ilə bağlı məlumatlar və ordunun hazırlıq görüntüləri Ermənistan mediasında gündəmə çevrilib.

Görüntülər sosial şəbəkələrin erməni seqmentində ciddi müzakirələrə səbəb olub. Hətta bəzi erməni siyasi ekspertlər Qarabağdakı rus sülhməramlılarının da bu paradda iştirak edəcəyini iddia edirlər.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Həşim Səhrablı Zəfər Paradının keçirilməsinin mövcud reallıqda xüsusilə əhəmiyyətli olduğunu bildirib:

“Zəfər Günü ilə əlaqədar paradın Xankəndidə keçirilməsi çox yerində verilmiş bir qərardır. Çünki bu, elə bir tarixdir ki, sadəcə Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə yadda qalmamalıdır. Bu, həm də millətləşmə prosesinin daha da sürətlənməsi, həmrəyliyimizin güclənməsi, eyni zamanda Azərbaycanın gələcəyi istiqamətində müstəsna addımların atılmasında öz sözünü deyəcək hadisələrin, reallıqların formalaşdığı tarixdir. Elə bunun ən böyük simvollarından birində – Xankəndidə paradın keçirilməsi sözügedən reallığı daha da qüvvətləndirəcək. Bu parad həm də separatçılara yeni bir zərbə vurmuş olacaq və reallığın nə olduğunu aydın şəkildə göstərəcək”.


Həşim Səhrablı

O, rus sülhməramlılarının paradda iştirakı ilə bağlı iddiaların yayılma səbəbinə aydınlıq gətirib:

“Düşünürəm ki, Rusiya sülhməramlılarının Zəfər Paradında iştirak edəcəklərinə dair məlumatlar həqiqəti əks etdirmir. Burada incə bir məqam var. Rusiya tərəfi Qarabağda yaşananları qəbul etmiş, Azərbaycanın hüquqlarını tanımış olsa da, bir ay əvvələ qədər orada toponimlər separatçılar tərəfindən uydurulan adlarla qeyd olunurdu. Məsələn, Xankəndini “stepanakert”, Qarabağı “artsax” deyə qeyd edirdilər. Son bir neçə gündür ki, Rusiya mediası toponimlərdə müəyyən dəyişikliklər edib. Elə 44 günlük müharibə zamanı da Rusiya tərəfindən İran üzərindən Ermənistana silah daşınmasını, orada Azərbaycana qarşı döyüşən qüvvələrə dəstək verilməsini görmüşdük. Əvvəllər də dəfələrlə Moskva İrəvana ödənişli, yaxud ödənişsiz şəkildə silah yardımları edib. Nəzərə almaq lazımdır ki, Ermənistanın müharibə vəziyyətində olduğu tək ölkə Azərbaycandır və bu silahlardan bizə qarşı istifadə edilib”.

H.Səhrablı bildirib ki, ermənilər bununla zəfərə kölgə salmaq istəyirlər:

“Belə bir reallıqda Zəfər Paradında rus sülhməramlılarının iştirakını gözləmək mümkün deyil. İstəyimiz də o yöndədir ki, belə bir möhtəşəm gündə sözügedən yürüşdə sadəcə Azərbaycan ordusu təmsil olunsun. Bu ordunun canı və qanı ilə qazanılmış qələbə yalnız elə onun müşayiəti ilə qeyd edilsin. Düşünürəm ki, məhz belə də olacaq. Bu iddialar sadəcə zəfərə kölgə salmaq məqəsdilə Ermənistan tərəfindən ortaya atılmış dezinformasiyalardır. Özləri üçün informasiya müharibəsi aparmağa çalışırlar”.

Ayşən Mustafa
Globalinfo.az