ABŞ Prezidenti Donald Tramp Konqresə aralıq seçkilərdən sonra Demokratlar Partiyası nəzarəti ələ keçirəcəyi təqdirdə, “SpaceX” şirkətinin rəhbəri İlon Maskı və onun yaxın köməkçilərini mümkün araşdırmalarından qoruyacağını vəd edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Prezidentdən Mask və onun yaxın çevrəsinə qarşı qabaqlayıcı əfv qərarı verilməsinin mümkünlüyü soruşulub. Tramp suala belə cavab verib:
“Buna ehtiyac yaransaydı, heç tərəddüd etməzdim”.
ABŞ lideri bu addıma nümunə olaraq sələfi Co Baydenin prezidentlik müddətinin sonunda oğlu Hanteri və yeni administrasiyanın mümkün təzyiqləri ilə üzləşə biləcək bir neçə keçmiş administrasiya nümayəndəsini əfv etməsini göstərib.
“Bayden məhz bu addımı atdı. O, hamını əfv etdi”, – deyə Tramp bildirib. O, bu zaman 2021-ci il yanvarın 6-da Kapitoliyə hücumla bağlı araşdırmalarda iştirak etmiş şəxslərin də əfv olunmasını nəzərdə tutub.
Qeyd edək ki, qabaqlayıcı əfv şəxsin barəsində ittiham irəli sürülməmiş və ya məhkəmə hökmü çıxarılmamışdan əvvəl onun cinayət təqibindən və cəzadan azad edilməsini nəzərdə tutur. ABŞ prezidentinin federal cinayətlərə görə, hətta araşdırma və məhkəmə prosesi başlamazdan əvvəl də əfv səlahiyyəti var. Lakin bu səlahiyyət ayrı-ayrı ştatların yurisdiksiyasına aid olan cinayətlərə şamil edilmir.
Bloomberg-in məlumatına görə, İlon Mask ABŞ Konqresinə aralıq seçkilər ərəfəsində Respublikaçılar Partiyasını dəstəkləmək üçün hazırkı seçki kampaniyası dövründə 445 milyon dollardan çox vəsait xərcləyib.
Federal Seçki Komissiyasının məlumatına əsasən, Mask təkcə oktyabrın ilk iki həftəsində respublikaçı namizədləri dəstəkləyən “America PAC” komitəsinə 77 milyon dollar köçürüb.
Bu xərclər Maskı ABŞ siyasi tarixinin ən böyük maliyyə donorlarından birinə çevirib. Onun siyasi ianələri ənənəvi olaraq Demokratları dəstəkləyən maliyyəçi Corc Soros da daxil olmaqla, digər iri donorların ayırdığı vəsaitləri xeyli üstələyib.
Əliyar Xəlil