Erməni lobbisi hərəkə keçdi: “Bakıdakı separatçını bu yolla azad etməyə çalışırlar”

Ötən gün Ermənistan mətbuatında yayılan məlumata görə, Bakıda həbsdə olan separatçı Ruben Vardanyanın Nobel Sülh Mükafatına namizədliyi irəli sürülüb. Onun namizədliyinin xarici ölkələrdə yaşayan bir sıra nüfuzlu şəxslər tərəfindən irəli sürüldüyü, hətta onlardan birinin daha əvvəl bu mükafata layiq görüldüyü deyilir.

Vardanyanın namizədliyinin irəli sürülməsinə, onun ümumilikdə bir sıra “xeyriyyə” işləri ilə məşğul olması, təhsil layihələri, yardım kampaniyaları, o cümlədən, “ mühasirədə olan Qarabağda quruculuq işləri həyata keçirməsi” göstərilir.

Bəs terrorçuluğu maliyyələşdirməkdə ittiham olunan şəxsə bu mükafat verilə bilərmi? Mükafat veriləcəyi təqdirdə Bakı nə kimi tədbirlər görməlidir?

Mövzunu Globalinfo.az-a şərh edən deputat Fazil Mustafa bildirib ki, ermənilər həbsdə olan separatçıları xilas etmək üçün bir addımlar atmağa çalışacaqlar:

“Həbsdə olan separatçıları xilas etmək üçün hansısa beynəlxalq titul, mükafat kateqoriyasına adlarını daxil etməyə cəhd göstərəcəklər. Amma bu, elə də asan məsələ deyil. Həmin şəxslərin fəaliyyəti araşdırıldığı zaman terror əməllərinin olduğu aşkara çıxacaq. Çünki separatçı rejimlərdən hər hansı birinin təmsilçisinə belə bir mükafat vermək, sabah bütün dünyada bu qəbildən olan şəxslərin mükafatlandırılması mənasına gələcək. Bu da gülünc səslənir. Həmçinin başqa ölkələr üçün də problem yarada bilər. Yəni hazırda bu cür təşəbbüslər irəli sürülə bilər, lakin mütləq şəkildə baş tutacaq demək olmaz”.


Fazil Mustafa

“Qarabağ mövzusu hansısa böyük bir dünya probleminin həlli kimi götürülə bilməz. Azərbaycan öz torpaqlarını azad edib, oradakı ermənilər isə könüllü şəkildə köç ediblər. Beləliklə, həmin şəxslərin ərazidəki separatçı fəaliyyətlərini nə ilə isə əsaslandırmaq onlar üçün çətin olacaq. Amma bunlar ermənilərdir, bir sıra mifik məsələləri uzun müddət gündəmdə saxlayırlar. Bu addımı da erməni xəstəliyinin nəticəsi olaraq görmək lazımdır”, – deputat qeyd edib.

Politoloq Elxan Şahinoğlu Globalinfo.az-a açıqlamasında bildirib ki, Ruben Vardanyanın Nobel Sülh Mükafatına namizəd kimi irəli sürülməsi sırf təbliğat, antiazərbaycan mahiyyəti daşıyır:

“Böyük ehtimalla bu, erməni lobbisinin təşəbbüsüdür. Doğrudur, imza atanların arasında əvvəllər Nobel Sülh Mükafatı almış bir şəxs də var. Çox güman ki, lobbi üzvləri Nobel mükafatı almış bir neçə şəxslə təmas qurublar, yalnız onlardan biri buna razılaşıb. Yəqin ki, həmin şəxs ümumiyyətlə məsələnin mahiyyətindən bixəbərdir. Vardanyan terrorçudur, öz maliyyə vəsaitini separatçılara dəstək üçün xərcləyib. Çox maraqlıdır ki, o, Qərb ölkələrinin Rusiyaya qarşı sanksiyalar tətbiq etdiyi dönəmdə gizli əməllərlə məşğul olub. Qərb və ABŞ-ın sanksiyaları fonunda Rusiyanın çirkli pullarını idarə etməyə çalışıb. Belə bir reallıqda onun Nobel Sülh Mükafatına namizədliyinin irəli sürülməsi nonsensdir”.


Elxan Şahinoğlu

Politoloq bu addımın məqsədinin terrorçunu azad etmək, ya da həbsinə diqqət çəkmək olduğunu söyləyib:

“Görünür bu yolla Azərbaycana təzyiq göstərməyə, digər bir ehtimalla Ruben Vardanyanı azad etməyə çalışırlar. Lakin bu, mümkün deyil. Azərbaycan heç zaman bir canini azad etməz. Hələ onun məhkəməsi də keçirilməyib. Erməni lobbisi və onların arxasındakı güclər Vardanyanın azad edilməsinə nail olmasalar belə, diqqəti onun həbsinə yönəltmək, beynəlxalq aləmdə ajiotaj yaratmaq istəyirlər. Amma bu da mümkün olmayacaq. Çünki Vardanyan həbs olunduğu zaman da hay-həşir salmağa çalışdılar, imzalar toplandı, heç nə işə yaramadı. Azərbaycan o canilərlə bağlı məhkəmə keçirəcək və onlar cəzalarını alacaqlar”.

Ayşən Mustafa
Globalinfo.az