İranda dərinləşən iqtisadi böhran və əhalinin sosial vəziyyətinin ağırlaşması ölkədə yeni etiraz dalğasının başlanması ehtimalını artırır. Digər tərəfdən, ABŞ və İsrailin Tehranla bağlı mümkün hərbi planları da regionda gərginliyi gündəmdə saxlayır.
Bəs İranda etirazlar kütləvi xarakter ala bilərmi və yaxın perspektivdə İsrail-İran qarşıdurmasının yenidən hərbi müstəviyə keçməsi nə dərəcədə realdır? Tehran ətrafında nə baş verir?
Globalinfo.az-a danışan siyasi şərhçi Bakir Həsənbəyli bildirib ki, İranda daxili etirazların baş qaldırması, əslində təbii prosesdir.
Onun sözlərinə görə, son bir ildə ölkədə inflyasiya sürətlənib və iqtisadi vəziyyət xeyli ağırlaşıb:
“Son bir neçə ildə İran rialı təxminən 54 dəfə dəyər itirib. Ərzaq məhsullarının qiymətlərində son iki ildə ciddi artım qeydə alınıb. Təkcə iyul ayından sentyabr ayına qədər ərzaq qiymətlərində artım təxminən 70,2 faiz təşkil edib. Bundan başqa, ölkədə pensiyaların və əməkhaqlarının ödənilməsində ciddi problemlər yaşanır. Başqa sözlə, İranda nağd pul çatışmazlığı var.
Eyni zamanda, ölkəyə kapital axını ilə bağlı ciddi problemlər mövcuddur. ABŞ tərəfindən tətbiq edilən sanksiyalar, xüsusilə də çoxşaxəli məhdudiyyətlər İran iqtisadiyyatında ciddi izlər buraxmağa başlayıb. Nəticədə insanların alıcılıq qabiliyyəti xeyli aşağı düşüb. Bir neçə gün əvvəl qarşıma çıxan sorğu nəticələrində də göstərilirdi ki, bəzi ailələrin ət almağa belə imkanı yoxdur. Onlar əldə etdikləri məhdud vəsaiti övladlarının ən azı normal qidalanmasını təmin etmək üçün xərcləyirlər.
Bütün bunlar onu göstərir ki, iqtisadi və sosial baxımdan sabit olmayan İranda yaxın günlərdə teokratik rejimə qarşı daha kütləvi etiraz aksiyalarının şahidi ola bilərik”.
Siyasi şərhçi ABŞ və İsrailin İrana qarşı yeni hərbi əməliyyata başlamaq ehtimalına da münasibət bildirib. O qeyd edib ki, hazırkı mərhələdə belə bir ssenari real görünmür:
“Bunun bir neçə səbəbi var. Onlardan biri İsraildə keçirilən seçkilərin yekun nəticələrinin hələ elan olunmamasıdır. Ola bilsin ki, İsraildə hakimiyyətə gələcək qüvvələr Baş nazir Benyamin Netanyahu hökumətindən fərqli olaraq, yalnız hərbi müdaxiləyə deyil, hərbi-diplomatik vasitələrə də üstünlük versinlər. Bu isə məsələlərin danışıqlar yolu ilə həlli imkanlarını gündəmə gətirə bilər.
Bununla belə, İsraildə hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, ölkənin ümumi siyasətini dəyişəcəyini düşünmürəm. Nəzərə alaq ki, Beynəlxalq Böhran Qrupu dünyada hazırda 65 silahlı münaqişənin mövcudluğu barədə məlumat yayıb. Bu münaqişələrin altısı Yaxın Şərqdədir və onların beşində İsrail birbaşa iştirak edir”.
Bakir Həsənbəyli qeyd edib ki, münaqişələrdə iştirak edən İsrail rəsmiləri ölkənin hərbi-siyasi addımlarını təhlükəsizlik məsələləri ilə əsaslandırırlar:
“İsrailin idarəçilik sistemində müəyyən qaydalar mövcuddur. Bildiyiniz kimi, İsrail konstitusiyası olmayan dövlətdir. Ölkədə formalaşmış siyasi yanaşmaya görə, istər hakimiyyətdə təmsil olunan şəxslər, istərsə də sıravi vətəndaşlar üçün dövlətin təhlükəsizliyi əsas prioritetdir.

Bakir Həsənbəyli
Bu baxımdan, İsraildə hakimiyyət dəyişikliyinin İrana münasibəti dəyişəcəyini düşünmürəm. İran İsrail dövləti və xalqı üçün daim təhdid yaradan ölkə kimi qəbul olunur. Lakin qeyd etdiyim kimi, yaxın gələcəkdə bu qarşıdurmanın yenidən açıq hərbi münaqişəyə çevrilməsi ehtimalı hazırda yüksək görünmür”.
Siyasi şərhçi ABŞ-ın daxili siyasi vəziyyətinin də İranla bağlı qərarlara təsir göstərdiyini vurğulayıb:
“Onun fikrincə, Prezident Donald Tramp administrasiyasının qarşılaşdığı daxili siyasi və iqtisadi çətinliklər Vaşinqtonun yeni hərbi qarşıdurmaya başlamasını çətinləşdirən amillərdəndir. Bildiyiniz kimi, sabah ABŞ-da aralıq seçkilər keçiriləcək. Tramp administrasiyasının həm Senat, həm də Nümayəndələr Palatası ilə bağlı seçkilərdə ciddi problemlərlə üzləşəcəyi gözlənilir. Bu vəziyyət, əslində, ölkədə həyata keçirilən daxili siyasətlə bağlıdır. Daxili siyasətdəki problemlər xarici siyasətdə də özünü göstərir.
Bu gün Tramp administrasiyasının seçkiqabağı verdiyi vədlərin, demək olar ki, heç biri tam şəkildə yerinə yetirilməyib. Məsələn, sıravi amerikalı üçün avtomobilinin yanacaq çənini neçə dollara doldurması mühüm məsələdir. Son bir ildə yanacağın qiymətinin ciddi şəkildə artması isə Yaxın Şərqdə baş verən hadisələrlə əlaqəlidir.
ABŞ-İran münasibətləri, Hörmüz boğazının bağlanması ehtimalı, eləcə də husilərin Bab əl-Məndəb boğazında nəzarət və təsir imkanlarının artması yanacaq qiymətlərinə təsir göstərən amillərdəndir. Bütün bunlar ABŞ daxilində ciddi narahatlıq və narazılıq yaradır. Şübhəsiz ki, bu narazılıqlar seçkilərin nəticələrində də öz əksini tapa bilər.
Düşünürəm ki, Trampın həyata keçirdiyi siyasət ABŞ-ın strateji maraqları baxımından kifayət qədər məqsədyönlü və gələcəyə hesablanmış siyasətdir. Onu ABŞ-ın strateji kursunu həyata keçirən ən cəsarətli və düzgün seçilmiş prezidentlərdən biri hesab edirəm.
Şübhəsiz ki, ABŞ vətəndaşlarının bir qismi hazırda bu siyasətin uzunmüddətli nəticələrini tam dərk etmir. Çünki sıravi amerikalı üçün gündəlik iqtisadi və sosial problemlər, xüsusilə də alıcılıq qabiliyyətinin aşağı düşməsi daha aktualdır.
Lakin hesab edirəm ki, Tramp gələcəkdə ABŞ tarixində iz qoyan dövlət başçılarından biri olacaq. Bu gün onun və administrasiyasının üzləşdiyi ciddi problemlər isə hələlik İranla qarşıdurmanın yenidən aktiv hərbi mərhələyə keçməsini şərtləndirən əsas amillər deyil”.
Safura Bənnayeva
Globalinfo.az