1754744475 17546876966293926623 1200x630

“ABŞ Prezidenti Donald Trampın Prezident İlham Əliyevi G20 Liderlər Sammitinə dəvət etməsi ABŞ-Azərbaycan münasibətlərində keyfiyyətcə yeni mərhələnin formalaşmasının mühüm siyasi təzahürüdür. Bu dəvətin əhəmiyyətini yalnız diplomatik protokol və ya siyasi nəzakət çərçivəsində qiymətləndirmək düzgün olmaz. Burada daha geniş geosiyasi və geoiqtisadi maraqların uzlaşması, Azərbaycanın strateji əhəmiyyətinə Vaşinqton tərəfindən yüksək dəyər və önəm verilməsi amili dayanır”.

Bu sözləri Globalinfo.az-a deputat Elçin Mirzəbəyli ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət etməsini şərh edərkən deyib:

Deputat bildirib ki, bu gün Cənubi Qafqaz dünyanın əsas güc mərkəzlərinin maraqlarının kəsişdiyi mühüm geosiyasi məkanlardan biridir:

“Regionun gələcək təhlükəsizlik arxitekturası, Avrasiya nəqliyyat marşrutlarının inkişafı, enerji resurslarının beynəlxalq bazarlara çatdırılması və Şərq-Qərb əlaqələrinin genişlənməsi baxımından Azərbaycanın rolu xüsusi əhəmiyyət daşıyır.

ABŞ prezidenti tərəfindən Azərbaycan liderinə belə bir dəvətin ünvanlanması onu göstərir ki, Vaşinqton Bakı ilə münasibətləri yalnız ikitərəfli diplomatik əlaqələr səviyyəsində deyil, daha geniş regional və beynəlxalq strategiyanın mühüm istiqamətlərindən biri kimi nəzərdən keçirir.

Azərbaycan uzun illərdir Avropanın enerji təhlükəsizliyinə töhfə verən etibarlı tərəfdaşdır. Ölkəmizin enerji infrastrukturu, ixrac potensialı və enerji marşrutlarının şaxələndirilməsindəki rolu ABŞ və Qərb üçün strateji əhəmiyyət kəsb edir.

Bununla yanaşı, Orta Dəhliz, Şərq-Qərb nəqliyyat bağlantıları və Azərbaycanın tranzit imkanları ölkəmizi Avrasiya məkanında mühüm logistik mərkəzə çevirir. Bu gün qlobal iqtisadiyyatın əsas tələblərindən biri alternativ və təhlükəsiz təchizat marşrutlarının yaradılmasıdır. Azərbaycan məhz bu baxımdan unikal coğrafi və siyasi üstünlüklərə malikdir.

Azərbaycan uzun illər davam etmiş münaqişədən sonra regionda və Avrasiya məkanında yeni münasibətlər sisteminin formalaşdırılması istiqamətində təşəbbüslər irəli sürür. Vaşinqtonda əldə olunmuş razılaşmalar və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində aparılan proseslər ölkəmizin regional təhlükəsizlik məsələlərindəki rolunu daha da artırır”.

elcin mirzebeyli 900x890 1
Elçin Mirzəbəyli 

Deputat qeyd edib ki, Azərbaycan Şərqlə Qərb arasında mühüm körpü olmaqla yanaşı, Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığın dərinləşdirilməsində də vacib rol oynayır:

“Bu amil Azərbaycanın geosiyasi əhəmiyyətini təkcə Cənubi Qafqazla məhdudlaşdırmır.

Məhz bu reallıqlar fonunda dövlətimizin başçısına ünvanlanan dəvət Azərbaycanın ABŞ üçün strateji tərəfdaş kimi əhəmiyyətinin daha da artdığını nümayiş etdirir.

Azərbaycanın geostrateji üstünlüyü onun hansısa güc mərkəzindən asılılığında deyil, müxtəlif beynəlxalq aktorlarla müstəqil və qarşılıqlı faydalı əməkdaşlıq qurmaq qabiliyyətindədir.

Bu, Prezident İlham Əliyevin xarici siyasət kursunun əsas xüsusiyyətlərindən biridir və Azərbaycanın beynəlxalq müstəvidə manevr imkanlarını genişləndirir.

Beləliklə, Mayami sammitinə dəvət Azərbaycanın yalnız bugünkü siyasi nüfuzunun deyil, həm də gələcək geosiyasi imkanlarının göstəricisidir.

Azərbaycanla hesablaşmaq, onun mövqeyini nəzərə almaq və onunla tərəfdaşlıq etmək müasir geosiyasi reallığın zəruri şərtlərindən birinə çevrilib”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: