Azərbaycanda alimentin minimum məbləğinin gələn il yanvarın 1-dən 260 manatdan 274 manata qaldırılması təklif olunur. Bəs cəmi 14 manatlıq artım uşağın gündəlik ehtiyaclarının, xüsusilə ərzaq, geyim, təhsil və digər zəruri xərclərinin qarşılanması baxımından nə dərəcədə yetərlidir? Artan qiymətlər fonunda aliment məbləği uşağın real yaşayış xərclərinə uyğun müəyyən edilməlidirmi?
Globalinfo.az-a danışan iqtisadçı Asif İbrahimovun fikrincə, alimentin minimum məbləğinin 14 manat artırılmasını müsbət addım kimi qiymətləndirmək olar:
“Lakin mövcud iqtisadi şəraitdə 274 manatın bir uşağın aylıq ehtiyaclarını qarşılaması imkanları məhduddur. Söhbət uşağın qidalanması, geyimi, təhsili, sağlamlığı, nəqliyyat və digər gündəlik xərclərindən gedir. Son dövrlərdə əhalinin maddi vəziyyətinə təsir edən iqtisadi amillər güclənib. Ərzaq məhsullarının, kommunal xidmətlərin, nəqliyyatın və digər gündəlik tələbat mallarının bahalaşması ailə büdcələrinə ciddi təzyiq göstərir. Gəlirlərin artımı xərclərin yüksəlməsi ilə eyni tempdə getmədikdə insanların real alıcılıq qabiliyyəti zəifləyir. Xüsusilə aşağı və orta gəlirli ailələr, eləcə də uşaqlarını təkbaşına böyüdən valideynlər bu çətinlikləri daha çox hiss edirlər. Nəzərə almaq lazımdır ki, aliment artımı təxminən 5,4 faiz təşkil edir. Ərzaq məhsullarının qiymətlərindəki artım isə ailələrin gündəlik xərclərini daha da yüksəldir. Üstəlik, uşağın ehtiyacları yalnız ərzaq xərclərindən ibarət deyil. Yaşından asılı olaraq məktəb ləvazimatları, geyim, dərman, tibbi xidmət, dərnəklər və digər zəruri xərclər də yaranır”.
Asif İbrahimov
İqtisadçı deyib ki, 274 manat alimentin yuxarı minimum məbləğ kimi nəzərdə tutulur:
“Ailə Məcəlləsinə əsasən, aliment valideynin qazancının və digər gəlirlərinin müəyyən hissəsi şəklində, yaxud qanunvericilikdə nəzərdə tutulan hallarda sabit pul məbləğində təyin edilə bilər. Məhkəmə valideynlərin maddi və ailə vəziyyətini, uşağın ehtiyaclarını və digər diqqətəlayiq halları nəzərə alaraq daha yüksək aliment müəyyən edə bilər. Valideynlər də qarşılıqlı razılıq əsasında qanunvericiliyin tələblərinə uyğun olaraq daha yüksək məbləğdə aliment barədə saziş bağlaya bilərlər”.
Asif İbrahimov hesab edir ki, alimentin minimum məbləği müəyyən edilərkən uşaqların real istehlak xərcləri, yaş qrupları üzrə ehtiyacları və ölkədəki inflyasiya səviyyəsi nəzərə alınmalıdır:
“Bu məbləğ mütəmadi olaraq yenidən qiymətləndirilməli, qiymət artımları ilə uzlaşdırılmalıdır. 274 manatlıq aliment müəyyən qədər dəstək yarada bilər, lakin bir uşağın normal yaşayışını və inkişafını təmin edən aylıq vəsait kimi qiymətləndirilə bilməz. Alimentin konkret məbləği müəyyən edilərkən uşağın faktiki ehtiyacları və hər iki valideynin maddi imkanları daha ətraflı nəzərə alınmalıdır. Çünki iqtisadi çətinliklərin yükünü uşaqların üzərinə qoymaq olmaz”.
Zaira Akifqızı
Globalinfo.az