Bakının Zəngəzur dəhlizi ilə bağlı 3 TƏLƏBİ

Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışında Zəngəzur dəhlizi ilə bağlı məsələyə aydınlıq gətirib.

“2020-cu il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanatda bu məsələ aydın şəkildə əks olunur. Bəli, “Zəngəzur dəhlizi” sözü orada qeyd olunmayıb. Lakin yazılıb ki, Azərbaycanın Şərq hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında yol əlaqəsi olmalıdır və Rusiyanın sərhəd qüvvələri nəzarəti təmin etməlidir”, – dövlət başçısı qeyd edib.

Məsələni Globalinfo.az-a şərh edən politoloq Akif Nağı deyib ki, bu, Azərbaycanla Ermənistan arasında gedən sülh prosesinin ən vacib nöqtəsidir:

“Zəngəzur dəhlizi işğal altındakı 8 kəndlə bağlı məsələnin həllindən asılı idi. Proses qismən həll olunub. 4 kəndin geri qaytarılması ciddi irəliləyiş kimi dəyərləndirilməlidir. Azərbaycan Prezidenti İlham Əliyev də son açıqlamasında qeyd etdi ki, Azərbaycanın Naxçıvan bölgəsi ilə digər əraziləri arasındakı hərəkət maneəsiz olmalıdır”.

A.Nağı vurğulayıb ki, Prezident İlham Əliyev dəfələrlə maneəsiz hərəkətin təmin edilməsinin əhəmiyyətindən bəhs edib:

“Heç bir rüsum, məhsullara nəzarət tətbiq olunmamalıdır. Qazaxın 4 kəndinin işğaldan azad edilməsindən sonra bu istiqamətdə səsləndirilən fikirlər ermənilərə və havadarlarına verilmiş mesajdır. Əsas məsələ yolun açılmasıdır, “dəhliz” adının olub-olmamasının elə də əhəmiyyəti yoxdur. Birgə bəyanata əsasən, həmin yola Rusiya qüvvələri nəzarət etməlidir”.

Safura Bənnayeva
Globalinfo.az