Son günlər diqqətimi ən çox çəkən məsələlərdən biri Bakıda insanların sayının nəzərəçarpacaq dərəcədə artmasıdır. İstər işə gedərkən, istər evə qayıdarkən, istərsə də şəhərin müxtəlif yerlərində eyni mənzərə ilə qarşılaşıram: bitməyən tıxaclar, dolu avtobuslar, sıx metro vaqonları, insanla dolu marketlər…
Əslində, əvvəlki illərdə belə olmurdu. Məsələn, ötən il may ayından etibarən şəhərdə müəyyən qədər seyrəklik vardı. Məktəblər bağlanır, tələbələr rayonlara gedir, insanlar məzuniyyətə çıxırdı. İyulun ilk ongünlüyüdür, amma Bakıda sıxlıq daha da artıb.
Bunun əsas səbəblərindən biri bölgələrdə iş imkanlarının məhdudluğudur. İnsanlar daha yaxşı təhsil almaq, iş tapmaq, daha yüksək gəlir əldə etmək və ya sadəcə daha rahat həyat yaşamaq üçün paytaxta üz tuturlar. Bu, onları qınamaq üçün deyil, yanlış anlamayın… Əksinə, hər kəs normal yaşayış və gələcək axtarışındadır.
Amma nəticə etibarilə Bakı bu yükü daşımaqda çətinlik çəkir. Şəhərdə iş axtaranların sayı artır, rəqabət güclənir, kirayə qiymətləri yüksəlir, tıxaclar daha da uzanır. Bəzən rayondan gələn ailənin iki üzvü işləsə də, aylıq gəlirin böyük hissəsi kirayəyə, kommunal xərclərə və gündəlik tələbatlara gedir. Sonda isə insanların qazancı demək olar ki, yalnız yaşamaq xərclərini qarşılamağa kifayət edir. Ondansa rayonda bir tikə çörək tapıb, öz evinə sahib çıxmaq daha sərfəlidir.
Maraqlıdır ki, əvvəllər yay tətili başlayan kimi tələbələrin çoxu rayonlara qayıdırdı. İndi isə işləyən də, işləməyən də Bakıda qalmağa üstünlük verir. Çünki bir çox rayonlarda onları məşğul edəcək nə iş, nə də gələcək üçün ciddi perspektiv var.
Yazdıqlarımın yanlış başa düşülməsini istəmirəm. Bu, qətiyyən rayonlardan gələn insanlara qarşı irad deyil. Axı çoxumuzun kökü elə rayona, kəndə bağlıdır. Problem insanların haradan gəlməsində deyil, onları doğma yurdunu tərk etməyə məcbur edən səbəblərdədir.
Əgər bölgələrdə yeni zavodlar, fabriklər, emal müəssisələri və digər iş yerləri yaradılsa, insanların böyük hissəsi öz doğma rayonunda yaşamağa və işləməyə üstünlük verər. Bu, həm rayonların inkişafına, həm də Bakının yükünün azalmasına təkan verər.
Xüsusilə də xaricdə və ya ölkə daxilində böyük imkanlara sahib olan iş adamları doğulduqları rayonlara daha çox sərmayə yatırsalar, kiçik də olsa istehsal və xidmət müəssisələri yaratsalar, onlarla insan işlə təmin olunar. Bir nəfərin açdığı müəssisə 30-40 ailənin dolanışığına çevrilə bilər. Belə təşəbbüslər çoxaldıqca insanlar da çörək pulu üçün Bakıya üz tutmağa məcbur qalmaz.
Bakı Azərbaycanın paytaxtıdır və inkişaf etməlidir. Ancaq ölkənin inkişafı təkcə paytaxtın böyüməsi ilə ölçülməməlidir. Əsl inkişaf o zaman olacaq ki, insanlar yaşamaq və işləmək üçün Bakıya gəlməyə məcbur olmasın, digər rayonlar arasında seçim etsinlər. Çünki güclü paytaxtın təməli güclü regionlardan başlayır.
Bakı insanlarla elə dolub, sanki hər an “partlayacaq”. Şəhər artıq insan yükünün altında nəfəs almaqda çətinlik çəkir. Ölməz şairimiz Səməd Vurğunun poemasında deyildiyi kimi, “Bakının dərdi var…”
Zaira Akifqızı
Globalinfo.az