sabah 1131

Azərbaycan futbolu son illərdə beynəlxalq arenada böyük uğurlar qazanır. “Qarabağ”ın uzun illərdir davam edən Avropa uğurlarına indi “Sabah”ın tarixi nəticəsi də əlavə olunub. Klubun UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanması Azərbaycan futbolunda yeni səhifənin açıldığına dair ciddi siqnal sayıla bilər.

Bəs bu uğurlar nə dərəcədə davamlıdır? “Qarabağ” və “Sabah”ın nəticələri Azərbaycan futbolunun gələcəyinə nə vəd edir?

Globalinfo.az-a danışan idman eksperti Natiq Muxtarlı deyib ki, komandalarımızın ardıcıl iki il Çempionlar Liqasının əsas mərhələsində təmsil olunması Azərbaycan futbolu adına böyük prestijdir:

“Çempionlar Liqasının əsas mərhələsində oynamaq heç də asan deyil. 36 komandadan təxminən 28-30-nun yeri əvvəlcədən bəlli olur. Böyük futbol ölkələrinin ən azı dördüncü-beşinci komandaları belə həmin mərhələdə oynamaq imkanını əvvəlcədən təmin edirlər. Yəni bu, varlı, böyük klubların və nəhəng futbol ölkələrinin çempionatıdır”.

N.Muxtarlının fikrincə, Avropanın diqqəti Azərbaycana yönələcək:

“Ötən il çempion “Qarabağ” idi və əsas mərhələdə oynadı. “Qarabağ” Avropada özünü təsdiq etmiş komandadır və onun bu mərhələyə yüksəlməsi, müəyyən mənada, təəccüblü qarşılanmaya bilərdi. Amma ardınca “Sabah” “Qarabağ”dan çempionluğu alır və Çempionlar Liqasının əsas mərhələsinə yüksəlirsə, bu artıq suallar doğurur. Deməli, bu çempionatda nəsə baş verir. Təbii ki, bu suallar Avropanın, ən azı, avropalı skautların diqqətini Azərbaycan çempionatına yönəldəcək.

Bütün komandalarımıza diqqət artacaq, artıq Azərbaycan çempionatının özünə maraq yaranacaq. Bu isə həm çempionata futbolçu gətirməyi bir qədər asanlaşdıra, həm də bu çempionatdan futbolçu satmaq imkanlarını genişləndirə bilər. Eyni zamanda, yerli futbolçuların da qarşısında yeni imkanlar açılacaq”.

Natiq muxtarli 111

Natiq Muxtarlı

N.Muxtarlının sözlərinə görə, Azərbaycan futbolunda sağlam idarəetmə lazımdır ki, yaranmış bu fürsətdən düzgün istifadə olunsun:

“İki-üç il əvvəl “Sabah”ı tənqid edirdik. Amma düzgün iş gördükdən sonra nəticə gəldi. Düzgün işin nəticəsini 12 ildə “Qarabağ” göstərir. Deməli, bütün bəhanələr yersizdir. Düzgün iş görəndə nəticə mütləq olur. Bu işi “Neftçi” də görməlidir, AFFA da görməlidir. Onda nəticə mütləq olacaq.

Necə ola bilər ki, “Qarabağ”da, “Sabah”da nəticə olur, amma digərlərində nəticə olmur? Deməli, burada nəsə düzgün getmir. Bunun üçün Azərbaycan futbolunda düzgün idarəetmə və düzgün yanaşma lazımdır. Azərbaycanda istedadlı futbolçular da, istedadlı məşqçilər də var. Bölgələrdəki istedadlı uşaqlarımızı tapıb üzə çıxarmaq və yetişdirmək lazımdır. Ondan sonra azarkeşlər də stadiona gələcəklər.

Dünən stadion dolu idi. Azərbaycanlı azarkeş baxmır ki, bu “Qarabağ”dır, yoxsa “Sabah”. Uğur varsa, hamısına dəstək verir. Əgər sabah “Neftçi”i də uğur qazansa,  “Neftçi”nin oyununda da stadion dolacaq. Çünki azarkeş uğur istəyir. Bu tarixi fürsətdən yararlanıb inkişaf etmək lazımdır. Onda Azərbaycan futbolunun sabahı mütləq olacaq”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: