Bakıda 15 məktəbli xəstəxanalıq oldu – YENİLƏNİB

149 saylı məktəbin xəstəxanada olan şagirdlərindən xəstəxanada qalan 2 nəfər də evə buraxılıb.

Globalinfo.az xəbr verir ki, bu barədə APA-ya Kliniki Tibbi Mərkəzdən məlumat verilib. Bildirilib ki, müayinə və tibbi prosedurlardan sonra şagirdlər evə buraxılıblar.

Qeyd edək ki, aprelin 18-da 149 nömrəli tam orta məktəbdə özünü narahat hiss edən və məktəb rəhbərliyi tərəfindən dəvət olunmuş təcili-tibbi yardım tərəfindən şagirdlər səhiyyə müəssisəsinə yerləşdirilib.

***18:13

Aprelin 18-da 149 nömrəli tam orta məktəbdə özünü narahat hiss edən və məktəb rəhbərliyi tərəfindən dəvət olunmuş təcili-tibbi yardım tərəfindən səhiyyə müəssisəsinə yerləşdirilən 15 şagirddən 13-ü müvafiq müayinə və tibbi prosedurlardan sonra evə buraxılıb.

Bu barədə Globalinfo.az-a Bakı şəhəri 149 saylı orta məktəbdən məlumat verilib.

Bildirilib ki, digər 2 şagirdin vəziyyəti qənaətbəxşdir.

***17:56

Bakı şəhəri 149 nömrəli məktəbdə şagirdlərin səhhətində yaranan narahatlıqla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət daxil olub.

TƏBİB-dən Globalinfo.az-a bildirilib ki, təcili tibbi yardım briqadaları çağrış ünvanına cəlb edilib:

“Təcili tibbi yardım briqadaları tərəfindən 15 məktəbli (8-i qadın cinsi, 7-si kişi cinsi olmaqla) TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə təxliyə olunublar. Onlara zəruri tibbi xidmətlər göstərilib. 9 nəfər ambulator müalicə üçün artıq evə buraxılıb. Hazırda 6 nəfərin müalicəsi davam etdirilir. Vəziyyətləri stabildir”.

***17:47

Bakıda 149 saylı məktəbin şagirdləri arasında kütləvi zəhərlənmə olub.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, şagirdlər Kliniki Tibbi Mərkəzə aparılıblar.

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib ki, xəstəxanaya 14 şagird gətirilib:

“Hazırda onlar təcili yardım şöbəsindədilər. Vəziyyətləri ağır deyil, həkimlərin nəzarətindədirlər. Həyati təhlükələri yoxdur”.