fotoesas

Xəbər verdiyimiz kimi, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura son səfəri Ermənistanın kəskin reaksiyasına səbəb olub.

Sülh danışıqlarının intensivləşdiyi vaxtda Ermənistandan səsləndirilən bəyanatlar prosesə nə vəd edir?

Globalinfo.az-a danışan politoloq Tofiq Abbasov deyib ki, Ermənistanda hələ də Azərbaycan və Türkiyə xalqlarına qarşı fobik ab-hava, düşmənçilik əhval-ruhiyyəsi güclüdür:

“Biz onların varidatına, əmlakına və torpağına göz dikməmişik. Lakin onlar uzun illər bizim əmlakımıza və torpaqlarımıza iddia ediblər, azərbaycanlılara düşmənçilik mövqeyindən yanaşıblar. Ölkəmizdə akkreditə olunmuş diplomatların, beynəlxalq təşkilatların və digər xarici nümayəndələrin Qarabağa səfərləri də bu baxımdan mühüm təşəbbüsdür. Çünki onlar Azərbaycan torpaqlarında baş vermiş dağıntıları və hazırda həyata keçirilən bərpa-quruculuq işlərini öz gözləri ilə görürlər. 30 illik işğal dövründə ermənilər həmin əraziləri, demək olar ki, daş dövrünə qaytarmışdılar. Müharibələr zamanı dağıntıların baş verməsi mümkündür. Lakin burada söhbət sistemli və genişmiqyaslı dağıntılardan gedir. Ərazilər işğal altında olduğu müddətdə yaşayış məntəqələri və infrastruktur məhv edilib. Əgər həmin ərazilər Ermənistanın iddia etdiyi kimi onların torpaqları idisə, sual yaranır: niyə orada quruculuq və inkişaf işləri aparılmadı? Niyə bu ərazilərin sistemli şəkildə inkişaf etdirilməsinə cəhd göstərilmədi? Görünən odur ki, əsas məqsəd Azərbaycan xalqına mümkün qədər böyük zərər vurmaq olub”.

Tofiq Abbasov

Tofiq Abbasov

Politoloq bildirib ki, Ermənistanın narahatlığının əsas səbəblərindən biri xarici nümayəndələrin illərdir səsləndirilən müxtəlif iddialarla real vəziyyət arasındakı fərqi öz gözləri ilə görməsidir:

“Bir yanda özünü qədim və böyük mədəniyyətə malik xalq kimi təqdim edən yanaşma, digər tərəfdə isə işğal olunmuş Azərbaycan ərazilərində törədilmiş dağıntılar var. Azərbaycan ərazilərində törədilənlər həmin iddiaların reallıqla nə dərəcədə uzlaşdığını göstərir. Xarici nümayəndələr hazırda Azərbaycanın şəhər və kəndlərinin yenidən qurulmasının, insanların öz doğma torpaqlarına qayıtması üçün şərait yaradılmasının şahidi olurlar”.

T.Abbasov qeyd edib ki, Azərbaycan xalqını fərqləndirən əsas xüsusiyyətlərdən biri quruculuq ənənəsidir:

“Bu xalq tarix boyu yaradıb, formalaşdırıb, insanların öz bacarıqlarını nümayiş etdirməsi və layiqli həyat sürməsi üçün şərait yaradıb. Bunun nəticəsində sosial və humanitar problemlərin həllinə, insanların həyat səviyyəsinin yüksəldilməsinə çalışıb. Qarşı tərəfin Azərbaycanın əldə etdiyi uğurlardan, şəhər və kəndlərin dirçəlməsindən narahat olması onların öz problemidir. Xalqımız bu cür düşmənçilik və qarşıdurma yanaşmalarından uzaqdır. Bizim üçün quruculuq, inkişaf və insanların rifahının təmin olunması daha vacibdir. Bu, bizim həyat tərzimizə və təbiətimizə daha uyğundur”.

Qeyd edək ki, sentyabrın 11-12-də Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura ikigünlük səfəri baş tutub.

Ləman İmran
Globalinfo.az

Paylaş: