Bakı ilə Tehran arasında proses başladı: Prezidentlər görüşdə nələri razılaşdırıb?

Noyabrın 9-da Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə arasında görüşü oldu. Bir çox baxımdan diqqətçəkən görüşün pozitiv atmosferdə baş tutduğunu demək olar.

Ümumiyyətlə Azərbaycan bütün qonşuları ilə sülh, əmin-amanlıq mühitində yaşamaq, habelə qarşılıqlı maraqlar kontekstində iqtisadi regional və qlobal əməkdaşlıq aparmaq istəyir. İran da belə ölkələrdəndir.

İranla iki magistral

Azərbaycanın İranla xüsusi bir problemi yoxdur. Əksinə, İranla çox mühüm iqtisadi münasibətlərimiz var. Təsadüfi deyil ki, siyasi münasibətlərin gərgin olduğu bir zamanda belə iqtisadi münasibətlər kəsilmədi. Hətta siyasi münasibətlərin normallaşması kontekstində bu gün Araz çayının cənub sahili boyunca dəmir yolu və avtomobil xətti marşrutunun keçməsini razılaşdırılıb.

Təsadüfi deyil ki, Prezident İlham Əliyevdə İbrahim Rəisi ilə görüşdə bu məsələni qeyd edib. Dövlətimizin başçısı əminliklə bildirib ki, bu layihə qısa müddətdə həyata keçiriləcək və Şimal-Cənub Nəqliyyat Dəhlizinin daha bir istiqamətinə çevriləcək.

“Nəticədə bizim iki marşrutumuz olacaq: biri Astara çayı üzərindən, digəri Ağbənd ərazisindən. Hər iki marşrut İranla Azərbaycan arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsi işinə xidmət edəcək, həmçinin qonşularımız və digər tərəfdaş ölkələr üçün əlçatan olacaq”, – deyə Azərbaycan Prezidenti vurğulayıb.

Məsələ ondadır ki, hər iki marşrut Şimal-Cənub Nəqliyyat Dəhlizi üçün həyati əhəmiyyətə malikdir. Azərbaycan bununla faktiki olaraq beynəlxalq ticarət və nəqliyyat yollarının keçdiyi başlıca ölkə rolunu oynamaq istəyir. Müqayisə üçün deyim ki, Avropada bənzər təcrübəni İsveçrə sınaqdan keçirib və hazırda qoca qitəni birləşdirən başlıca yollar bu ölkədən keçir.

Bundan başqa isə Azərbaycanın İranla məhz iki fərqli marşrut yaradaraq bu ölkə üçün əvəzedilməz ölkə olmaq istəyir. Müqayisə üçün deyim ki, rəsmi Tehran bənzər layihəni Ermənistanla icra etmək istəsə də coğrafi çətinliklər və İrəvanın layihənin iqtisadi məsuliyyətindən yayınmaq cəhdi səbəbindən baş tutmadı.

Prezidentin “Hər iki marşrut İranla Azərbaycan arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsi işinə xidmət edəcək” sözlərindən belə bir nəticəyə gəlmək olar ki, rəsmi Bakı icra etdiyi layihələrə İranı da cəlb edərək faktiki olaraq Tehranın gələcəkdə münasibətləri korlamaq cəhdlərinin qarşısını almaq istəyir. Hətta mümkündür ki, gələcəkdə Astara çayı üzərindən və Ağbənd ərazisindən keçən marşrutların sayı ikidən üçə, hətta dördə də çatsın. Bu tədricən İranın Azərbaycana ehtiyacını artırdığı kimi siyasi ritorikasını da yüngülləşdirə bilər.

Ermənistana mesaj

Prezident bildirdi ki, “İkinci Qarabağ müharibəsindən sonrakı üç il ərzində Ermənistan öz öhdəliklərini yerinə yetirməkdən, məhz Azərbaycanın əsas hissəsindən Naxçıvana gediş-gəlişi təmin etməkdən imtina edirdi və imtina etməkdə davam edir”. “Bu, onların seçimidir, düşünürəm ki, onlar böyük səhvə yol veriblər”.

İran prezidenti ilə görüşdə ölkə başçısının bu məsələyə toxunması təsadüfi deyil. Belə ki, Azərbaycan Şimal-Cənub Nəqliyyat Dəhlizi üzrə İranla iki layihə icra etsə də bu, həm də Ermənistana verilən bir mesajdır. Yəni İranın yerində siz də ola bilərdiniz.

Düzdür, Azərbaycan həm İranla, həm də Ermənistanla bu layihələri icra etmək istəyir. Çünki bu, yuxarıda da qeyd etdiyim kimi Bakının regional nəqliyyat qovşağı rolunu üstlənmək planının bir tərkib hissəsidir. Bundan başqa Ermənistanla icra ediləcək layihələr İran üçün, İranla icra ediləcək layihələr isə Ermənistan üçün təzyiq vasitəsi rolunu oynayacaq. Yəni iki ölkədən biri ilə gələcəkdə yenidən gərginlik yaşanarsa digərinə qarşı alternativ yolun olması Bakı üçün strateji özünü sığortalamadır.

Lakin Ermənistanın hazırda öhtəliklərdən yayınması Bakının Tehran ilə bu sahədəki əməkdaşlığı artırmağa sövq edir. İran ilə iqtisadi-siyasi münasibətlərin inkişaf etməsi Ermənistana həm də passiv təzyiqdir.

Tehran və Bakının düşmənləri

Prezident İlham Əliyev qeyd edib ki, Əvvəlki illərdə də biz regiondankənar qüvvələrin İranla Azərbaycan arasında dostluq münasibətlərinə müdaxilə etmək cəhdlərinin şahidi olmuşuq.

Bu cəhdlərin nəticəsiz qaldığını vurğulayan dövlət başçısı bildirib ki, indi də düşmənlərimiz öz məqsədlərinə çatmayacaqlar. İran və Azərbaycan bundan sonra da uğurla əməkdaşlıq edəcək və münasibətləri gücləndirəcəklər.

Azərbaycan və İran münasibətlərinin pozulması böyük ölçüdə rəsmi Tehran ilə bağlı olsa da mövcud vəziyyətdə xarici qüvvələrin də təsiri istisna deyil. Lakin bu qüvvənin kim olmasına dair görüş Bakı ilə Tehran arasında fərqlidir.

İrana görə iki ölkə münasibətlərini korlayan əsas qüvvə İsrail və müəyyən mənada ABŞ-dır. Azərbaycan üçünsə bu, Fransadır. Azərbaycan prezidentinin istifadə etdiyi ifadə hər iki tərəf üçün də məqbuldur. Yəni hər iki tərəf kimi günahkar görürsə, bu ifadə də qeyd edilən ölkə odur.

Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı