Bu il Fransada keçirilən Paris-2024 Yay Olimpiya oyunlarında Azərbaycanı təmsil edənlərin və əsas da qələbə qazananların əksəriyyəti legionerlərdir. Bu isə idmansevərlərdə narazılığa səbəb olub.
İctimaiyyətə suallar yaranıb: Niyə milli döyüşçülərimiz bir dəfə çempion olduqdan sonra davamlı qələbə əldə edə bilmirlər?
Buna səbəb nədir?
Mövzunu Globalinfo.az-a şərh edən idman jurnalisti Fuad Eldarov deyib ki, legionerlərin milliləşdirilməsi prosesi hazırda bütün dünyada aktiv istifadə edilən və demək olar, hər ölkənin atdığı əsas addımdır.
Jurnalistin sözlərinə görə, hazırda dünyada aktiv formada qalan onlarla, bəlkə də minlərlə idmançı var ki, milli komandaların tərkibinə düşə bilmir:
“Təkcə Azərbaycan legioner idmançını milliləşdirmir. Bir çox idmançılar da Azərbaycandan kənarda, başqa ölkələrin milli komandalarının tərkibinə düşürlər.
Paris Yay Olimpiya Oyunlarında medalların bəzisinin legionerlərin qazanmasına bu şəkildə narahat yanaşma birmənalı qarşılanmamalıdır.
Fuad Eldarov
Mən görürəm, azarkeşlər idmançıların sosial şəbəkə hesablarında Azərbaycanın milli-mənəvi dəyərlərini əks etdirən bir çox şey tələb edir. Ən əsas da “Azərbaycan dilini niyə bilmirsən?” deyə mesajlar, şərhlər yazırlar. Məgər o idmançılar mediaya verdiyi açıqlamalarda başqa bayrağın, millətin, dövlətin adını çəkir? Zelim Kotsoyev qalib gəldi, qələbəni bizlərə həsr etdi, Alfonso Dominges başdan bəri “Azərbaycan xalqı üçün döyüşəcəm” deyirdi. Bu sözləri təkcə biz oxuyuruq? Yox. Dünya da oxuyur. Hətta əslən kubalı olan Dominges üçün Kuba prezidenti rəsmi “X” səhifəsində belə paylaşım etmişdi. Ona görə də azarkeşləri narazılığı buraxıb, Azərbaycanın qələbəsinə sevinməyi tövsiyə edirəm”.
Fuad Eldarov deyib ki, bu kimi şikayətlər idmançını da motivasiyadan salır və növbəti çıxışlarına mane olur:
“Uğur qazana bilməyən yox, məhz elə sualda deyildiyi kimi, uğur qazanan legionerlərdən bəhs edim. Medal qazananlar Zelim Kotsoyev, Alfonso Domingez və Qaşım Maqomedov. Taekvondoda təkcə Qaşım mübarizə aparırdı. Digərlərində onlardan başqa əsil azərbaycanlı idmançı yox idi? Murad Allahverdiyev, Nicat Hüseynov və bayraqdarımız Məhəmməd Abdullayev – bu idmançıların uğursuzluğunu da onların özündən yox, federasiyadan soruşardım. Niyə bizim idmançıların hazırlıq səviyyəsi legionerlərə nisbətən kifayət deyil? Onda olan, bizim idmançıda olmayan nə var? Fiziki dözümlülük? Psixoloji hazırlıq? Yetərincə istirahət? Mənəvi vəziyyət? Nədir bizim idmançılarda çatışmayan amil? Əminəm ki, bu saydıqlarımdan ən az ikisi təmin olunmayıb onlar üçün. Buna görə də idmançılarımızı qınaya bilmirəm”.
Zaira Akifqızı
Globalinfo.az