İlk Olimpiya çempionumuz qəzəbləndi: “Onlar edam edilməlidir!”

Sumqayıt şəhər 1 saylı Uşaq-Gənclər İdman Məktəbinin cüdo bölməsinin müəllimi Ceyhun Əliyevin yanına məşq üçün gələn uşaqlara qarşı zor tətbiq etdiyi, qeyri-etik davrandığı iddia edilib. Bu hərəkətinə görə o, polis tərəfindən saxlanılıb. 

Məsələ ilə bağlı Globalinfo.az-a danışan Azərbaycanın cüdo üzrə ilk Olimpiya çempionu Nazim Hüseynov idman zallarında baş verən zorakılıqları biabırçılıq adlandırıb.

O bildirib ki, bütün müəllimlər araşdırılmalı və daha sonra işləmək imkanı əldə etməlidir:

“Bu cür halların baş verməməsi üçün federasiya yaxşı, peşəkar müəllimləri seçməlidir. Birmənalı olaraq bütün məşqçilər nəzarət altında olmalıdırlar. Bu gün cüdo bölməsində baş verən hadisə sabah başqa idman növlərində də təkrarlana bilər. Məlum hadisə mənə çox pis təsir edir”.

Nazim Hüseynov deyib ki, belə adamlara birbaşa edam cəzası təyin etmək lazımdır:

“Bəlkə, biri insanların gözü qarşısında asılsa, digərlərinə də dərs olar. Bu cür vəhşilər idman adına ləkədirlər! Tələbəyə məşq keçmək lazımdır, şiddət göstərmək yox! Bundan əvvəl də Sumqayıtda əclafın biri 6-7 yaşlı uşağı öldürdü. Uşaq məşqə öyrənmək üçün gəlir, şiddət görmək üçün yox.

Nazim Hüseynov

Yoxlama aparılmalı, idmandan anlayışları olmayanlar bu sahədə kənarlaşdırılmalıdırlar. Görünür, pul onları qudurdub. Baş verənlərə görə çox utanıram. Zorakılıq göstərən hər kəs cəzalandırılmalıdır. İdmanda belə hallara yol verilməməlidir!”

Zaira Akifqızı
Globalinfo.az