Azərbaycanda “qırmızı” həyəcan – Təcili hərəkətə keçilməlidir

Son günlər Azərbaycanda əsasən azyaşlılar arasında qızılcaya yoluxma müşahidə olunur. Məktəb və bağçalarda yoluxma hallarının artması təşviş doğurub.

Bəs bu xəstəliyin sürətlə yayılmasının səbəbi nədir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla deyib ki, qızılca yüksək dərəcədə yoluxduruculuq qabiliyyətinə malik xəstəlikdir:

“Qızılca virusla yayılır. Xəstəliyin ilk üç günü ərzində Polimeraz Zəncirvari Reaksiya (PZR) ilə səpkilər aşkara çıxandan sonra onu təyin etmək mümkündür.

Qızılca keçirən insanlar bir daha bu xəstəliyə yoluxmurlar. Vaksin vurulan şəxslərin xəstələnməsi istisna deyil, lakin həmin müddət yüngül keçəcək”.

A.Qeybulla xəstəliyin simptomlarını da qeyd edib:

“Qızılca sərt və yumşaq damaqda, ağızın içində səpkilərlə başlayır, yüksək hərarət, halsızlıq, zəiflik, kəskin öskürəklə müşayiət edilir. Bu əlamətlər olduqda uşaqlar dərhal yataq rejiminə keçib izolyasiya edilməlidir.

Azərbaycanda milli peyvənd təqvimi 1994-cü ildən qəbul edilib. Bu təqvimə əməl edirik. COVİD-19 pandemiyası dövründə məsələ nəzarətsiz qaldı, hətta valideynlər belə peyvənd olunmaqdan yayındılar. Cəmiyyətdə vaksinasiya ilə bağlı əsassız söz-söhbətlər uyduruldu. Bütün bu amillər uşaqların orqanizminin müdafiəsiz qalmasına səbəb oldu. Bu gün peyvənd olunmayan uşaqlar xəstələnib ətraf üçün də təhlükə təşkil edirlər. Qızılcanın ağırlaşması pnevmoniya və beyin ödəminə, nəticədə isə ölümə səbəb ola bilər.

Bu gün ölkədəki vəziyyəti nəzərə alaraq peyvənd təqviminə ciddi nəzarət edilməlidir. Qızılca ilə bağlı təcili vaksinasiya aparılmalıdır. Yaş həddi də əvvələ çəkilməlidir. Hər bir valideyn başa düşməlidir ki, peyvənd olunmayan uşaq ətraf üçün böyük təhlükə mənbəyidir.

Müvafiq qurumlar bununla bağlı lazımi ölçü götürməli, epidemioloji vəziyyətitəcili lokallaşdırmalıdır”.

Safura Bənnayeva
Globalinfo.az