İsti havalarda necə qorunmalı? – Professordan vacib tövsiyələr

isti0

Bir neçə gündür ölkə ərazisində havalar çox isti keçir. Hələ iyun ayının ikinci ongünlüyü başlamayıb, yay fəsli daxil olmayıb, amma temperatur 35-40 arasındadır. Anlaşılan odur ki, qarşıda bizi daha dəhşətli istilər gözləyir.

Belə olan halda necə davranaq? Qida, istirahət, səfər məsələlərində nələrə əməl etmək lazımdır?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan professor, tibbi ekspert Adil Qeybulla deyib ki, Bakıda yay fəsli bir-iki dərəcə fərqlə də olsa, hər zaman isti keçir:

“Biz uzun müddətdir 35-40 dərəcə istilər müşahidə edirik. Məsələn, dünyanın ayrı-ayrı yerlərində həddən artıq istilər var və insanlar buna adaptasiya olurlar.

İnsanların adaptasiya olunma xüsusiyyətləri yetərincədir. O baxımdan da hesab edirəm ki, istilər zamanı bir problem olmamalıdır”.

Professor isti havalarda insanların necə davranmalı olduqlarını izah edib:

Adil Qeybulla

Adil Qeybulla

“Birinci növbədə uzaq səfərlərə çıxanda, hansısa bir yerə gedəndə mütləq su götürmək məsləhətdir. Çünki həddən artıq tərləmə zamanı insanın su tutumu azalır, bu isə əlavə problemlərə gətirib çıxarır. Dediyim xüsusilə də uşaqlara aiddir. Ona görə ki, uşaqların orqanizmi balacadır və onların su tutumu da azdır. İkincisi, belə havalarda çox yağlı qıdalardan istifadə etmək məsləhət deyil. Əksinə, daha çox meyvə-tərəvəzə üstünlük vermək lazımdır. Bundan başqa, günorta saat 12-17:00 arası birbaşa Günəş şuaları altında dayanmaq ziyandır. Bu vaxtlar ultrabənövşəyi şüaların təsiri var və günvurma hadisələri baş verə bilər. Çimərliklərə də həmin saatlarda getmək təhlükəlidir”.

Adil Qeybulla deyib ki, insanlar müəyyən qaydaları gözləsələr, problem yaşanmaz:

“Adətən biz ətraf mühitin iqlim dəyişimlərinə adaptasiya olmaq məcburiyyətindəyik. Çünki onları dəyişmək gücümüz yoxdur. Sadəcə, qlobal istiləşmə temperatur dəyişmələrinə səbəb olur. Bu, tək istiləşmə deyil. Bunun adı da elə qlobal iqlim dəyişikliyidir. Bu da gələcəkdə Yer kürəsinin relyefinə qədər təsir edə bilər. Ona görə də hazırda alimlər qlobal istiləşməyə gətirən səbəbləri aradan qaldırmaq üçün çox ciddi işlər aparırlar. Lakin düşünürəm ki, yay fəslinin isti olması normal bir haldır və biz özümüzü həmin dövrə uyğun adekvat aparmalıyıq”.

Zaira Akifqızı
Globalinfo.az