Fransa Ermənistanı müharibəyə hazırlaşdırır – Qanlı “Sezar” masada

Son günlər Fransa-Ermənistan münasibətlərində ciddi yaxınlaşma müşahidə olunur. Fransada səfərdə olan Ermənistanın müdafiə naziri Suren Papikyan fransalı həmkarı Sebastyan Lekornu ilə görüşüb. Danışıqlar zamanı hərbi-texniki əməkdaşlığa dair yeni razılaşmalar əldə olunub.

Bir qədər əvvəl isə Rusiya hərbi bazasının Gümrüdən çıxacağı halda yerini Fransa hərbi kontingentinin tuta biləcəyi haqda iddialar yayılıb.

Məsələnin başqa tərəfi budur ki, Paşinyan Azərbaycanla kommunikasiyaların açılmasından danışır, sülh sazişi barədə bəyanatlar verir, bir yandan da Fransa kimi Cənubi Qafqazda pozucu fəaliyyət göstərən, Azərbaycana, Türkiyəyə qarşı qərəzli mövqedə dayanan ölkə ilə hərbi sahədə əməkdaşlığı genişləndirir.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan hərbi ekspert Elxan Şıxəliyev deyib ki, Ermənistan və Fransa arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən, rəsmi Paris İrəvana tez bir zamanda “Sezar” artilleriya qurğusu tədarük edəcək:

“Sezar” özüyeriyən artilleriya qurğusu 155 mm çapa malikdir və dəqiqədə təxminən 6 mərmi atarkən 42 km-ə qədər məsafədə atəş açmaq qabiliyyətindədir. Özüyeriyən olduğundan atəş mövqelərini asanlıqla dəyişə bilir. Mərmilərin istifadəsi digər toplardakı mərmilərlə eyniləşdirilə bilər. 2002-ci ildən istehsalına başlanan bu qurğuların birinin satış qiyməti 5.2 milyon dollardır.

Ermənistan 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatından sonrakı mərhələdə hərbi-texniki arsenalının 60-70 faizini itirib. Əsasən artilleriya qurğuları, aviasiya sistemləri çatışmazlığı var”.

Hərbi ekspertin sözlərinə görə, Ermənistanın bu formada silahlandırılması, müxalif, revanşist qüvvələrin gələcəkdə bu silahları Azərbaycana qarşı istifadəsini istisna etmir:

“Bu, təhlükə mənbəyidir. Fransanın Ermənistanı müasir hərbi texnikalarla təmin etməsi yeni münaqişəyə səbəb ola bilər. Fransanın niyyəti Cənubi Qafqazda yeni müharibə ocaqları yaratmaqdır”.

Safura Bənnayeva
Globalinfo.az