Azərbaycanda yeni mərhələ başladı – Deputat prioritetləri açıqladı

Artıq bir dövr başa çatır. Savaş başa çatdı, Qarabağ azad edildi. Separatçılar qandallanıb Bakıya istintaq təcridxanasına salındı. Noyabrın 8-də Xankəndidə Zəfər Günü ilə bağlı parad keçirildi.

Növbəti mərhələ üçün dövlətin prioriteti nələr olacaq? Daxili siyasətlə bağlı hansı işlər planlaşdırılır? Milli Mclisə seçkilərdən, referendumdan, bələdiyyə institutunun yenidən təşkilindən tutmuş, sosial dövlət modelinin gücləndirilməsinə kimi dövlətin qovluğunda nələr var?

Mövzu ilə bağlı Milli Məclisin deputatı Hikmət Babaoğlu Globalinfo.az-a açıqlama verib. O deyib ki, əldə etdiyimiz tarixi zəfər Azərbaycan dövlətçilik tarixində yeni bir mərhələ yaradıb:

“Bu zəfəri təkcə ərazi bütövlüyümüzün bərpa edilməsi kimi deyil, həm də, yeni reallığın yaranması kimi başa düşmək lazımdır.

Xalqımızın, dövlətimizin qarşısında yeni vəzifələr, tələblər dayanıb. Bu həm də yeni çağırışdır. Hansı ki, bu yeni çağırışlar ölkəmizin daha da böyüməsi və inkişaf etməsini özündə ehtiva edir.

Hikmət Babaoğlu

Hüquqi dövlətimizin, milli demokratiyamızın, sosial dövlət fəlsəfəsinin daha da inkişaf etdirilməsi istiqamətində bu çağırışlara riayət etmək vacibdir. Əlbəttə ki, böyüdükcə, gücləndikdə cəmiyyətimiz inkişaf etdikcə ölkə daxilində demokratik təsisatların inkişaf etməsi ictimai-siyasi münasibətlərin yeni keyfiyyətdə təşkilinə ehtiyac var.

Həm də dövlətimizin qarşısında bu gün idarəetmənin daha da təkmilləşməsi, yeni səmərəli operativ idarəetmə institutların yaradılması aktuallaşır. İşğaldan azad olunmuş ərazilərə böyük qayıdışın təmin edilməsinə həm azad olunmuş ərazilərdəki təbii resursların iqtisadiyyata qazandırılması bu gün qarşıya qoyulan hədəflərdəndir. Belə ki, Qarabağ, Şərqi Zəngəzur Azərbaycanın həm ətlik, südlük, həm də taxıl ehtiyacını ödəmək potensialına malikdir. Bu regionların inkişafı iqtisadiyyatımıza müsbət təsir edəcək.

Bu gün dünya ciddi ölçüdə şirin su ehtiyatlarının çatışmazlığı ilə üz-üzədir. Bizim regionda bu risk ilə üz-üzədir. İşğaldan azad edilən ərazilərdə bu problemin öhdəsindən gəlmək üçün lazımi resurslar var”.

Turan Rzayev
Globalinfo.az