Azərbaycanda koronavirusa yoluxma kəskin arta bilər – SƏBƏB

“Çin Xalq Respublikasından alınıb istifadə olunan “Sinovac” peyvəndi immuniteti kifayət qədər güclü saxlamırdı. Buna görə də Azərbaycan, Türkiyə və Hindistanda yoluxma sayı azalsa da, təhlükə tamamilə aradan qalxmayıb”.

Bu sözləri həkim ekspert Rasif Bağırov Globalinfo.az-a son vaxtlar yayılan xəstəliklər və koronavirusa yoluxmanın artması ehtimalı barədə danışarkən deyib.

O bildirib ki, Çində yoluxma sayı yüksək səviyyədə qalırdı, amma onlar bu haqda məlumat vermirdilər:

“Son dövrlərdə xarici KİV-lərdən öyrəndik ki, Şanxay kimi iri şəhərlər lokdaun vəziyyətinə düşüb. “Sinovac”ın effektivsizliyi ilə yanaşı, orada hətta qədim Çin adəti ilə müalicə alan insanlar da var”.

Həkim qeyd edib ki, indi yayılan xəstəlik koronavirusun əvvəlki ştamları kimi deyil:

“İndiki xəstəlik aldadıcıdır. İnsan elə bilir ki, gah xəstədir, gah deyil. Həkimlərə müraciət edən xəstələr 15-20 gün gecikmiş olurlar. Onlar qulaqlarında ağrı, konyuktivit, ensefalit, ürəkdə yaranan problemlər və s. kimi ağırlaşmalarla gəlirlər. Hətta qanın laxtalanmasının artmasına görə iki cavan xəstə öldü. Bu xəstəliyin aldadıcı olmaması üçün vaxtında həkimə müraciət etmək lazımdır”.

R.Bağırov vurğulayıb ki, mövsümi qrip viruslarını əksər hallarda koronavirusdan ayırmaq olur:

“Xəstəxanaya qrip şikayəti ilə gələn xəstələri koronavirus testindən keçirmək lazımdır. Çünki əksər xəstələrdə koronavirus aşkar olunur. Tədbirlər görülməsə, bizdə yoluxma daha da artacaq. Xəstəliklə bağlı vaxtında müraciət edib müalicə alsalar, qısa zamanda onun qarşısını almaq olur və ölümlə nəticələnmir.

Ağ ciyərdə buzlaşma deyilən anlayış isə yalnız qocalarda rast gəlinir. Cavan adamlarda bu, nadir hallarda müşahidə olunur”.

Gülnar Səlimova
Globalinfo.az