Keçən ilin 10 sentyabr tarixində Goranboy şəhərində idarə etdiyi “VAZ 2101” markalı avtomobillə 1999-cu il təvəllüdlü Ələddin Hadıyevi vurub öldürən və qəza yerindən qaçan sürücünün məhkəməsi keçirilib.
Globalinfo.az xəbər verir ki, sürücülük vəsiqəsi olmadan idarə etdiyi avtomobillə avtoxuliqanlıq edərkən ağır qəza törədən 1997-ci il təvəllüdlü Orxan Yusifov Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü (sürücülük vəsiqəsi olmadan ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətmə və hadisə yerindən qaçma) maddələri ilə təqsirlənidirilib.
Məlum olub ki, hadisəni törədən Orxan həmin vaxt dostuna məxsus avtomobili sürürmüş. O, ifadəsində avtomobilin idarəetməsini itirdiyi üçün əks tərəfə keçərək yolun kənarındakı 2 piyadanı vurduğunu deyib:
“Mən rayonun İrəvanlı kəndi yaxınlığında yerləşən avtomobil yuma məntəqəsində işləmişəm. Ailəliyəm, 2 azyaşlı uşağımı var. Əvvəldən “VAZ-2107” markalı avtomobilim var və avtomobil idarə etmək üçün sürücülük vəsiqəm olsa da, təxminən 3 ay əvvəl yol hərəkət qaydalarını pozduğum üçün sürücülük hüququndan məhrum edilmişəm. Həmin vaxt öz avtomobilimi satdım. Hadisə baş verən gün dayım oğlu “VAZ-2101” ilə gəlib məni evdən götürdü ki, Goranboy şəhəri H.Əliyev prospektində yerləşən bulağın yanındakı çayxanaya çay içməyə gedək. Yolda Turala çayxanaya kimi maşını idarə etmək üçün mənə verməsini dedim, dayım oğu da razılaşdı. Bulaq kompleksi istiqamətində hərəkət etməyə başladıq. “Bahar” şadlıq sarayının qarşısında avtomobili 80-100 km/saat sürətlə idarə edərək qarşıda gedən avtomobili ötüb keçmək üçün əks hərəkət zolağına çıxdım. Həmin vaxt qarşıdan gələn maşının işığı gözümə düşdü. Həmin vaxt avtomobillə bir nəfər piyadanı vurdum. Piyada avtomobilin üzərinə düşdü və başı qabaq şüşəyə dəyib asfaltın üzərinə düşdü. Avtomobili saxlamayıb, dairənin yanından sağ tərəfə dönərək Goranboy rayonu Qarasüleymanlı kəndi istiqamətində gedərək maşını Qarasüleymanlı kəndində yaşayan dayımgilin həyətinə saldım”.
Hadisədən sonra polis əməkdaşları qaçan sürücünü axtarıblar və qısa vaxtda Orxan Yusifov saxlanılıb. Barəsində istintaq müddəti üçün həbs qərarı verilib
Qəzada həyatını itirən Ələddinin atası məhkəmədə sürücüyə ağır cəza verilməsini xahiş edib. O, oğlunun qəzadan 2 ay əvvəl evləndiyini və bütün həyatının, arzularının puç olduğunu deyib:
“Ələddin yeni ailə qurmuşdu, hadisədən 2 ay əvvəl toyu olmuşdu. Hadisə vaxtı avtomobil çox yüksəklə hərəkət etdiyindən oğlum hadisə yerində vəfat edib. Onu Goranboy rayon xəstəxanasına aparsalar da, artıq gec olub. Mən hadisə zamanı işlədiyim Goranboy rayon Telekommunikasiya idarəsində gecə növbəsində idim, xəbəri alanda xəstəxanaya getdim, orada oğlumun vəfat etdiyini bildirdilər. Sürücü oğluma heç bir kömək etməyib, qaçaraq gizlənib. Ona görə də sürücüdən şikayətçiyəm”.
Araşdırmalar zamanı dəhşətli qəzanı törədən Orxan Yusifovun bu hadisədən 3 ay əvvəl sərxoş halda sürdüyü maşınla qəza törətməsi və buna görə 500 manat cərimə edilməsi də məlum olub.
Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesin yekununda isə o, 7 il müddətinə həbs cəzasına məhkum edilib.
Malik
Globalinfo.az