Üç ölkə Ermənistanı müharibəyə təhrik edir – “Artıq vaxtı çatıb…”

“Azərbaycanla Türkiyə strateji müttəfiqdir və iki ölkə bunu tarixi Şuşa Bəyannaməsi ilə ən yüksək səviyyədə təsdiq edib. Buna görə də Azərbaycan müdafiə nazirinin Türkiyəyə, yaxud Türkiyə müdafiə nazirinin Azərbaycana səfəri normal haldır. Amma son zamanlar bölgədə təhlükəli proseslər müşahidə edilir”.

Bunu Globalinfo.az-a açıqlamasında siyasi şərhçi Əli Zülfüqaroğlu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun Türkiyəyə səfərini şərh edərkən deyib.

O bildirib ki, Azərbaycan-Türkiyə-Pakistan ittifaqına qarşı Ermənistan-Fransa-Yunanıstan və Hindistan ittifaqının formalaşdırılması cəhdləri var və bu ilk növbədə Ermənistanı təhdid edir:

“Azərbaycana qarşı formalaşdırılan bu ittifaq Ermənistana müsbət heç nə verməyəcək, əksinə, İrəvanı təhlükəyə sürükləyəcək. Çünki adıçəkilən ölkələrin Ermənistanı yenidən işğal siyasətinə sürükləmək cəhdləri sadəcə Ermənistana fəlakət vəd edir”.

Ə.Zülfüqaroğlu əlavə edib ki, Qarabağ münaqişəsi Azərbaycan üçün bitib, Azərbaycan torpaqlarını işğaldan azad edərək suverenliyini təmin edib:

“Azərbaycanın artıq yeni iqtisadi, siyasi hədəfləri var və Bakının xarici siyasətində Ermənistan faktoru yoxdur. Sadəcə olaraq Ermənistan sülh danışıqları prosesində Azərbaycana qarşı absurd tələblər irəli sürür.

Bunlardan biri də işğalda qalan 8 kəndi azad etmələri müqabilində Azərbaycan ordusunun tarixi torpaqlarında yer aldığı mövqelərdən geri çəkilmək tələbidir. Antiterror tədbirlərinə qədər də Ermənistanın daha böyük tələbləri var idi, amma Azərbaycan qısa müddətdə bunun üzərindən xətt çəkdi. Hesab edirəm ki, artıq 8 kəndin işğaldan azad edilməsinin də vaxtı çatıb. Azərbaycan işğalda qalan kəndlərimizi də azad edərək, sülh danışıqları prosesində Ermənistanın bu tələbinin də üzərindən xətt çəkməlidir”.

Turan Rzayev
Globalinfo.az