Azərbaycan Mərkəzi Asiyada münaqişəyə son qoya bilər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasına səfər edib. Ölkə başçısı səfər çərçivəsində Prezident Emoməli Rəhmonla görüşüb, iki ölkə arasında əməkdaşlıq haqqında bir sıra sənədlər imzalanıb.

Mərkəzi Asiyanın türk olmayan bu ölkəsi ilə bizi nə bağlayır? Tacikistanla nə kimi ortaq hədəf bağlantılarımız, əlaqlərimiz var?

Səfərin detallarını Globalinfo.az-a dəyərləndirən politoloq Tofiq Abbasov Düşənbənin hər zaman Bakını dəstəklədiyini söyləyib:

“Bu səfər onu göstərir ki, hər iki tərəfin bir-biri ilə əməkdaşlığa böyük marağı var. Hələlik qarşılıqlı imkanlardan istifadə zəminində ciddi irəliləyiş əldə edə bilməmişik. Həmçinin ticari əlaqələrin həcmi o qədər də böyük deyil, 10 milyon dollardan bir qədər artıqdır. Azərbaycanla Tacikistan arasında həmişə etibarlı münasibətlər olub. Bu ölkə KTM-nin üzvü olaraq hər zaman Azərbaycanı dəstəkləyib. Bütün bunlar nəzərə alınaraq iki ölkə arasında əlaqələrin yeni mərhələsinə keçid edilir. Bu həm Bakının, həm də Düşənbənin diqqətində olan məsələdir. Orta Dəhliz adlandırılan layihə çərçivəsində də bizim maraqlarımız üst-üstə düşür. Digər tərəfdən Tacikistan Çin Xalq Respublikası ilə qonşudur. Həmin bölgədən başlayan dəhliz imkanları da genişlənəcək”.

Tofiq Abbasov

T.Abbasov iki ölkə arasında əməkdaşlığın tarixi, inkişaf perpektivkəri və ortaq maraqlarından söz açıb:

“Tacikistan farsdilli ölkə olsa da, onu Orta Asiyanın türk ölkələri ilə birləşdirən çoxsaylı tellər var. Düşənbə göstərir ki, həm bölgə problemləri çərçivəsində, həm də Avrasiyanın qlobal məsələləri zəminində öz rolunu və imkanları görür. Sirr deyil ki, Azərbaycan beynəlxalq aləmdə çevik mövqe nümayiş etdirən məmləkətdir. Bakının uğurları həm inteqrasiya proseslərində, həm təhlükəsizliyin təmin olunmasında və s. istiqamətlərdə özünü nümayiş etdirir. Elə bu baxımdan Tacikistanın rəhbəri Azərbaycan təcrübəsinə böyük önəm verir. Həmçinin enerji məsələlərində Tacikistanın böyük potensialı var. Ona görə də Azərbaycanla Tacikistanın oxşar parametləri var və ortaq işləri ola bilər.
Təsadüfi deyil ki, prezidentlərin görüşünə bir gün qalmış hökumətlərarası komissiyanın iclası oldu, hər iki tərəfdən 100-dən artıq təmsilçiləri prosesdə iştirak edirdilər. 2012-ci ildə Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildikdə Tacikistan namizədliyimizi dəstəkləyən ilk ölkələrdən olmuşdu. Bu, Bakı və Düşənbə arasında etibarlı münasibətlərin formalaşmasının göstəricisidir”.

Bakı və Düşənbə arasındakı münasibətləri, Tacikistanın siyasi və iqtisadi rolunu Globalinfo.az-a dəyərləndirən politoloq Kənan Rövşənoğlu əməkdaşlığın Azərbaycan üçün vacib olduğunu qeyd edib:

“Azərbaycan və Tacikistan arasında ötən müddətdə normal münasibətlər qurulub. Həm regional məsələlərdə, həm də MDB daxilində iki ölkə arasında münasibətlər dostcasına olub. Digər tərəfdən, əlaqələrə kölgə salacaq hər hansı ciddi element də mövcud deyil. Bildiyiniz kimi, Azərbaycan prezidentinin Tacikistana dövlət səfəri zamanı bir neçə razılaşma imzalanıb. Kənd təsərrüfatından turizmə, gömrük və xarici əlaqələrinə qədər fərqli sahələrdə sazişlər imzalanıb. Ancaq bilindiyi kimi, Tacikistan Mərkəzi Asiyanın ən kasıb ölkələrindən biridir. Doğrudur, Tacikistan həm də Çinlə həmsərhəd dövlətdir. Əldə olunan razılaşmalarda İpək Yolu dəhlizi ilə bağlı və ya bunun Tacikistan üzərindən keçməsi ilə bağlı da nə isə yoxdur. Bu mənada səfərin nəqliyyat dəhlizi ilə bağlı olduğunu düşünmürəm. Ortada iki ağlabatan versiya var. Birincisi, Azərbaycan Tacikistanla əlaqələri yaxşılaşdırmaq və bununla da regionda mövqelərini güclü olaraq saxlamağa çalışır. Nəzərə almaq lazımdır ki, Tacikistan MDB, KTMT və Avrasiya İqtisadi İttifaqında təmsil olunur. Bu ölkənin səsi və mövqeyi regional siyasi məsələlərdə Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. Həmçinin Emoməli Rəhmon sovet dövründən bu yana 30 ildən çoxdur dövlət başçısıdır. Onun geniş əlaqələri var”.

Kənan Rövşənoğlu

K.Rövşənoğlu Azərbaycan Mərkəzi Asiyada sabitliyin əldə olunması üçün vasitəçilik edə biləcəyini söyləyib:

“İkinci səbəb isə Mərkəzi Asiyadakı davam edən gərginlikdir. Tacikistan və Qırğızıstan arasında bilindiyi kimi sərhəd münaqişəsi mövcuddur. Vaxtaşırı olaraq iki ölkənin hərbi qüvvələri arasında toqquşmalar baş verir. Mümkündür ki, Azərbaycan həm də bu məsələdə vasitəçilik missiyasını üzərinə götürsün və barışıq üçün təmaslara keçsin. Çünki bu barışıq həm Mərkəzi Asiyada sabitliyin əldə olunması, regiondan kənar qüvvələrin bölgəyə müdaxiləsinin qarşısının alınması, həm də Azərbaycanın bu regiondakı mövqelərinin möhkəmlənməsi baxımından əlverişli addımdır”.

Ayşən Mustafa
Globalinfo.az