Naxçıvanlı partiya sədri Vasif Talıbovla bağlı yeni məlumatlar açıqladı 

Naxçıvan Muxtar Respublikasında müxtəlif qurumlarda yüksək vəzifəli şəxslərin korrupsiya cinayətlərinə görə silsilə həbslər davam edir. Ötən gün Muxtar Respublikanın Şəhərsalma və Arxitektura Komitəsinin sədri Hicran Rüstəmov barəsində həbs qətimkan tədbiri seçilib. Hicran Rüstəmov vəzifə səlahiyyətindən sui-istifadə edərək Muxtar Respublika ərazisində tikinti və abadlıq işlərinin yerinə yetirilməsi üçün nəzərdə tutulan “xüsusilə külli miqdar” təşkil edən ümumilikdə 212 milyon 361 min manat dövlət vəsaitinin mənimsənilməsində ittiham edilir.

Qeyd edək ki, həmin iş üzrə daha əvvəl Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin müxtəlif rəhbər vəzifəli şəxsləri və NMR Maliyyə naziri məsuliyyətə cəlb olunaraq həbs edilib.

Mövzu ilə bağlı Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev Globalinfo.az-a bildirib ki, Naxçıvana neçə müddətdir ki, Azərbaycan tərəfindən heç bir nəzarət yox idi:

“Naxçıvan Vasif Talıbovun rəhbərliyi altına verilmişdi. Muxtar Respublika səviyyəsində bütün qurumlar əlaqəli şəkildə işləyərək korrupsion bir struktura çevrilib. Burada dövlət yox, fərdi mafiya qanunlarını tətbiq ediblər. Onun da məntiqi nəticəsi olaraq bütün dövlət qurumları Azərbaycan Respublikasının qanunları və mərkəzi hakimiyyət orqanları qarşısında hesabat vermək əvəzinə, ancaq Talıbova hesabat veriblər və onun himayəsi altında yeyib-talayıblar. Hamı bilir ki, Naxçıvana İran və Türkiyə ərazisindən qeyri-qanuni mallar gətirilir, oradan da Azərbaycan üzərindən kənara daşınırdı.

Xatırlayırsızsa, Rza Zərrab məsələsində qızıllarla bağlı məqamlar ortaya çıxdı. R.Zərrab ABŞ Federal Kəşfiyyat İdarəsi ilə əməkdaşlıq edir. O, burada baş verən proseslərlə bağlı – İran neftinin satılması, onun blokadadan çıxarılması, həmin dövrdə müəyyən məmurların istefa verməsi – bütün bu baş verənlərdə Naxçıvan koridorundan istifadə etmişdilər”.

CXP sədri qeyd edib ki, Azərbaycandan Muxtar Respublikaya ayrılan dotasiyalar ayrı-ayrı tikinti şirkətlər, məmurlar və müxtəlif sahələr üzrə dağıdılıb:

“Naxçıvanın Gömrük Komitəsinin yüksək vəzifəli şəxsləri, Maliyyə naziri, indi isə Şəhərsalma və Arxitektura Komitəsi yeyinti faktoru ilə saxlanılıb. MR-dakı qurumların hamısında bu proses ortaya çıxacaq. Bu da onu göstərir ki, Naxçıvanın muxtar statusu ləğv olunmalı idi. Vasif Talıbova böyük etimad göstərilmişdi, məmurlar da ona arxayın olub özbaşınalıqlar etmişdilər. Bu gün haqq-hesab zamanıdır. Prezident İlham Əliyevin iradəsinin məntiqi nəticəsi olaraq bu proses Naxçıvanda ardıcıl şəkildə davam edəcək.

Naxçıvanın taleyi ilə bağlı yüz bundan öncə də çox ağır günlər yaşanıb. Biz müstəqillik qazandıq, amma o müstəqilliyin dadını bizə yaşatmadılar. MR neçə illər idi ki, Vasif Talıbovun ümidinə buraxılmışdı, əhalinin böyük bir hissəsi işsizliyə dözməyərək oranı tərk etmişdi. Bu gün, nəhayət, ali dövlət iradəsi ortadadır. Bunun cavabını verəcəklər, bu qaçılmazdır!”.

B.Quliyev həmçinin bildirib ki, Naxçıvanın taleyi Qarabağla, sülh danışıqları ilə, eyni zamanda bölgədəki geopolitik maraqlarla bağlıdır:

“Vasif Talıbova Naxçıvanın və özünün taleyi ilə bağlı xəbərdarlıq edilmişdi. Hal-hazırda o, Bakıdadır. Bu məsələlərlə bağlı məhkəmə işi yekunlaşdıqdan sonra onun haqqında hansı tədbirin görüləcəyi Prezidentin iradəsindən asılıdır. Amma hesab edirəm ki, həm Naxçıvanın gələcək taleyi, həm Azərbaycandakı islahatlar, həm də bölgədəki vəziyyətlə bağlı V.Talıbov barədə faktlar çoxaldıqdan sonra hüquqi prosedur həll olunub, onun məsələsinə baxılmalıdır. Həmçinin MR-in statusu məsələsi nəzərən keçirilməlidir. Bununla bağlı Azərbaycan Konstitusiyasının 134-141-ci maddələri var. Bu məsələlər geniş formada öz həllini tapmalıdır”.

Gülnar Səlimova
Globalinfo.az