vekil scaled

Məhkəmə proseslərinin qapalı keçirilməsi zamanı əldə olunan məlumatların konfidensiallığı və onların kənar şəxslərə ötürülməsi məsələsi hüquqi baxımdan xüsusi əhəmiyyət daşıyır.

Bəs qapalı məhkəmə iclasında iştirak edən vəkil proses zamanı əldə etdiyi məlumatları media ilə və ya başqa şəxslərlə bölüşərsə, hansı hüquqi məsuliyyət daşıyır?

Globalinfo.az-a danışan vəkil Ramil Süleymanov deyib ki, məhkəmə iclasının qapalı keçirilməsi ilə bağlı qərar məhkəmə tərəfindən maraqlı şəxslərin vəsatəti əsasında qəbul edilə bilər:

“Bu məqsədlə məhkəmə müşavirə keçirir və qapalı iclasın zəruri olub-olmadığını qiymətləndirir. Əgər məhkəmə belə bir qərarın qəbul edilməsini məqsədəuyğun hesab edərsə, iclasın qapalı keçirilməsi barədə qərar çıxarır. Həmin qərarda məhkəmə prosesinin hansı səbəbdən qapalı keçirilməli olduğu əsaslandırılmalı və bu zərurət aydın şəkildə izah edilməlidir. İkinci məsələ isə vəkillərin üzərinə düşən hüquqi öhdəliklərlə bağlıdır. Belə ki, vəkillər həm Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin, həm də “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun tələblərinə əsasən vəkil sirrini qorumağa borcludurlar. Bu, onların əsas peşə vəzifələrindən biridir”.

R.Süleymanov bildirib ki, şəxs vəkil fəaliyyəti zamanı əldə etdiyi, qanunla qorunan məlumatları icazəsiz şəkildə açıqlaya bilməz:

“Digər tərəfdən, vəkillər qapalı məhkəmə iclasında iştirak edərkən məlumatların yayılmaması ilə bağlı ayrıca iltizam imzalamırlar. Çünki bu məlumatların məxfiliyini qorumaq öhdəliyi onların üzərinə qanunvericiliklə qoyulub. Yəni vəkilin belə məlumatları yaymamaq məsuliyyəti hər hansı əlavə sənədin imzalanmasından deyil, birbaşa qanunun tələblərindən irəli gəlir”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: