4cfRlkZdD5qvg7nf

Rusiya ilə Şimali Koreya arasında yaranan fikir ayrılıqları səbəbindən Pxenyanın Moskvaya hərbi dəstəyi müvəqqəti dayandırdığı iddia olunur.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Kəşfiyyat qurumunun açıqlamasına görə, iki ölkə arasında gərginlik oktyabr ayında Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko tərəfindən səsləndirilən bəyanatdan sonra yaranıb.

Belə ki, Rudenko gələcəkdə Kremlin Seul və Pxenyan arasında münasibətlərin gərginliyinin azaldılmasına yardım edəcəyini bildirib. Bu açıqlama Şimali Koreyada narazılıqla qarşılanıb.

Ayın sonunda Şimali Koreyanın xarici işlər naziri Çxve Son Hi bu cür bəyanatların iki ölkə arasındakı müttəfiqlik razılaşmalarının mahiyyətinə uyğun olmadığını bildirib və Rusiyanın Cənubi Koreyaya münasibətdə siyasətinə aydınlıq gətirilməsini tələb edib.

Ukrayna kəşfiyyatının iddiasına görə, hərbi dəstəyin müvəqqəti dayandırılması barədə qərarı şəxsən Kim Çen In verib. Məhdudiyyətlərə Rusiya hərbi-nəqliyyat təyyarələrinin Şimali Koreyanın hava məkanından istifadəsinin qadağan edilməsi, KN-23 ballistik raketlərinin və növbəti artilleriya sursatı partiyasının tədarükünün dayandırılması daxildir.

Bundan başqa Pxenyan Rusiyanın Şimali Koreya hərbi kontingentinin Rusiya ərazisindəki sayını 8,5 mindən 50 minə çatdırmaqla bağlı müraciətinin icrasını da ləngidir.

Qeyd edək ki, bu məlumatlar Ukrayna kəşfiyyatının iddiasıdır, Rusiya və Şimali Koreya tərəfi məsələyə münasibət bildirməyib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: