Moldova ilə Rumıniyanın birləşməsi prosesi infrastruktur və enerji layihələri vasitəsilə faktiki olaraq başlayıb.
Globalinfo.az xəbər verir ki, bunu Moldovanın xarici işlər naziri Mixay Popşoy “TVR Moldova”nın efirində bildirib.
Onun sözlərinə görə, iki ölkə arasında avtomagistralın tikintisi, Prut çayı üzərində körpülərin salınması və enerji bağlantılarının qurulması yaxınlaşmanı sürətləndirir.
Popşoy qeyd edib ki, Moldova cəmiyyətində Rumıniya ilə birləşmə ideyasına maraq var. Nazir hesab edir ki, birgə layihələr bu addımın üstünlüklərini vətəndaşlara siyasi bəyanatlardan daha təsirli şəkildə göstərə bilər.
Onun sözlərinə görə, iki ölkənin birləşməsi prosesi artıq faktiki olaraq baş verir.
Bununla yanaşı, Popşoy iki dövlətin mümkün birləşməsinin vaxtı ilə bağlı hər hansı tarix açıqlamayıb.
Qeyd edək ki, Moldova Konstitusiyasına əsasən, ölkə neytral dövlət statusunu saxlayır. Bununla belə, 2022-ci ildən etibarən Kişineu Avropa İttifaqı və Rumıniya ilə yaxınlaşma siyasətini fəallaşdırıb. 2023-cü ildə isə Moldova parlamenti qanunvericilik və normativ sənədlərdə dövlət dilinin adının “rumın dili” kimi təsbit edilməsini təsdiqləyib.