Avropadan gələn pullar Qarabağa, oradan isə terror təşkilatlarına ötürülürdü – Sensasion şərh

Son zamanlar başda Fransa və Almaniya olmaqla Qərb ölkələrində Azərbaycanın əleyhinə ciddi kampaniya aparılır. Faktiki olaraq Qərb Azərbaycanı işğalçı ölkə kimi təqdim edir və bizi bu obrazda göstərməyə çalışır.

Fransa və Almaniya mediasında Azərbaycana qarşı geniş qara təbliğat gedir.

Maraqlıdır, bu qərəzin, aqressiyanın səbəbi nədir? Qərbin Azərbaycana qarşı mövqeyinin belə radikal və sərt olması hansı faktorla bağlıdır? Rəsmi Bakı hansı addımları atacaq?

Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, Qərbin Azərbaycana qarşı mövqeyi dəyişməyib:

“Qərb Azərbaycana qarşı hər zaman bugünkü kimi qərəzli, ikiüzlü və qeyri-konstruktiv mövqe sərgiləyib. Bunun ən bariz nümunəsi keçmiş ATƏT-in Minsk Qrupunun 30 il ərzində keçmiş Qarabağ münaqişəsinin həlli istiqamətində effektiv bir addım atmamasıdır.

30 il ərzində “həmsədrlər” regiona gəlib-getdi. Bir-birini təkrarlayan görüşlər, mənasız danışıqlar, ən əsası da həmsədrlərin şablon bəyanatları Qərbin Cənubi Qafqaza, Qarabağ münaqişəsinə əsil mövqeyini göstərirdi.

Qabil Hüseynli

Xoşbəxtlikdən Azərbaycan bu vəziyyətə dözmədi və 44 günlük Vətən müharibəsi, habelə sonuncu lokal antiterror tədbirləri nəticəsində Qarabağ münaqişəsinə son verdi.

Qərb üçün bu vəziyyət qəbuledilməzdir. Biz bəzən məsələni tam başa düşmürük, amma Qərb prizmasından baxdıqda onların aqressiyasını anlamaq olar. Azərbaycan təkcə torpaqlarını işğaldan azad etmədi, həm də Fransa, Almaniya kimi ölkələrin regiona müdaxilə imkanlarını əlindən aldı. Bundan başqa, Qarabağ işğalda ikən bu ölkələr beynəlxalq terrorizmə ayırdıqları pulu Qarabağdakı qanunsuz banklar vasitəsilə terror şəbəkələrinə göndərə bilirdi. PKK, YPG, PYD belə ayaqda qaldı. Yəni Avropadan gələn pullar öncə Qarabağa, oradan isə terror təşkilatlarına çatırdı. Azərbaycan təkcə işğala son qoymadı, həm də beynəlxalq terrorizmə ciddi zərbə vurdu”.

Politoloq deyib ki, Fransa və Almaniya PKK, PYD, YPG kimi terror təşkilatlarının üzvlərinə hər zaman sığınacaq, vətəndaşlıq verib:

“Maraqlıdır ki, Berlin və Paris Azərbaycanda daha çox söyüş müxalifəti kimi tanınan şəxsləri də himayə edir. Onlara qrantlar ayırır, həyat səviyyələrini yaxşılaşdırır, imkanlarla təmin edir. Bütün bunların müqabilində isə söyüş söyməsini istəyir.

Avropa mediasının bu gün əsassız şəkildə Azərbaycanı tənqid etməsi, bizi işğalçı, qaniçən kimi təqdim etməsi onların tərəfli media olduqlarını sübut edir. Hesab edirəm bu proses hələ uzun müddət davam edəcək. Qərb Ermənistanın timsalında uğradığı məğlubiyyəti çətin ki, bu tezlikdə həzm etsin. Yəni bu kimi təzyiqlər ilə hələ üzləşəcəyik.

Azərbaycan onsuz da kifayət qədər effektiv cavablar verir. Misal üçün, Bakıda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” adlı beynəlxalq konfrans buna ən gözəl nümunədir. Azərbaycan klassik mübarizə üsullarına deyil, daha yenilikçi və effektiv vasitələrə əl atır. Azərbaycan ilə hədə-qorxu, şər böhtan dili ilə danışmağın effektiv olmadığını gec-tez Fransa da, Almaniya da dərk edəcək”.

Turan Rzayev
Globalinfo.az