Avropa Parlamentinin Bakı əleyhinə qətnaməsi necə qəbul edilib? – İnanılmaz oyun

Avropa Parlamentinin 18 yanvar 2023-cü ildə müzakirə, 19 yanvarda isə 410 üzvünün iştirakı ilə qəbul etdiyi məlum anti-Azərbaycan məzmunlu qətnaməsində gerçəkliklərdən uzaq – tam uzaq, böhtan dolu bir sıra  bəndlər yer alıb.

Əməkdar jurnalist, tanınmış araşdırmaçı-yazar Azər Həsrətin 21 yanvarda BAYRAQDAR MEDİAda yayımladığı “Avropa Parlamentindən Azərbaycana qarşı qətnamə” adlı araşdırma yazısında təkzibedilməz faktlarla sübut olunur ki, Avropa Parlamentinin qətnaməsi heç də yekdilliklə, yaxud əksəriyyətin səsi ilə qəbul edilməyib. – Yox, bu söz də  mənzərəni düzgün ifadə etmir: daha doğrusu, qərarın qəbulunun şəffaflığı haqlı olaraq şübhə altına alınır, inanmayacaqsınız bəlkə, o parlamentin müvafiq strukturları həmin bədnam qətnamənin qəbulu prosedurunu incələyib, mübahisələndiriləcək məsələyə ədalətli baxsa, bəlli olar ki, o qərar heç qəbul edilməyib. – Bəlkə də inanmayacaqsınız, amma bu barədə əməkdar jurnalistin Avropa Parlamentinə ünvanlandığı sadə bir sual o qurumu faş edib: Azərbaycanla bağlı qətnamə neçə səslə qəbul edilib?

Azər Həsrət bu sadə sualı oxucuya vermir, o, elə Avropa Parlamentinə sorğu ilə müraciət edib və aldığı rəsmi cavabları ictimailəşdirib. Aydın görünür ki, özü guya hər hadisədə dürüstlük, demokratik dəyərlər, hüquq arayan Avropa Parlamenti bu sənədin səsverməsi ilə bağlı rəqəmləri gizli tutmağa məcburdur. Çünki qeyri-şəffaf bir səsvermə olub, çünki özləri öz prosedurlarını pozublar. Biz Avropa Parlamentinin üzvü deyilik, o parlamentin üzvü olan ləyaqətli dövlətlərdən birinin təmsilçisi müvafiq sorğu ilə müraciət etsə və müvafiq hüquqi araşdırma aparılsa, anti-Azərbaycan qətnamədə israr edən(lər)in, o cümlədən Evelyn Regnerin (Avropa Parlamentinin vitse-prezidenti, Avstriya Sosial Demokrat Partiyasının üzvü)  çirkin niyyəti tam çılpaqlığı ilə üzə çıxmış olacaq. Hesab edirəm, ən azı özlərinin heysiyyəti adına, nə üçün aldadıldıqlarını bilmələri adına müvafiq sorğu etməlidirlər. “Nə üçün bizim iradədən kənar  qərar verilib?” – bax, buna cavab tapmaq onların vicdani tələbatı olmalıdır. Digər tərəfdən, korrupsiya skandalları girdabında boğulan, Ermənistanın və erməni lobbisinin “konyak diplomatiyası”ndan gen-bol yararlanan Avropa Parlamenti mənsublarının Azərbaycana “öyüd-nəsihət” verməyə mənəvi haqqı yoxdur zatən. (Ötən ilin son ayı Avropa Parlamentinin Yunanıstandan olan vitse-prezidenti Eva Kailinin adının korrupsiya skandalları ilə gündəmə gəlməsini xatırlayırsınızmı? – Özü də söhbət konfet kağızından yox, çox yüklü paradan – milyonlarla dollardan gedirdi). Və sabah-birisi gün erməni konyakının təsiri keçəndən sonra hansı üzlə “Azərbaycan bizi soyuqdan donmağa qoymasın” deyəcəklər?.. Bəlli bədnam qətnamənin anti-Azərbaycan bəndlərinə əl qaldıranlar görəsən 3 illik, 6 illik, 8 illik və ya 10 illik “ən yaxşı erməni konyakları”nın (adı özlərinə qalsın) hansından məst olub? – Yüngül konyak, cevizli dad, zərif konyak, yoxsa içkisonrası isti dadı gələn konyak? Əgər başları dumanlı deyildisə, onları nə vadar etdi də bir “layihə dövləti” olan Ermənistanın ərazi bütövlüyündən danışarkən əbədi dövlətlərdən olan Azərbaycanın ərazi bütövlüyündən danışmağa ehtiyac duymadılar? Yoxsa, əsas ərazi bütövlüyü deyil, kimin ərazi bütövlüyüdür, eləmi? Sizi konyak içmiş dovşan yesin görüm…

Azərbaycan həqiqətlərinə biganə olmayanları həsrətdə qoymadan Azər Həsrətin yazısına dönək:

“Videodan da göründüyü kimi, əlavələrdən sonra qətnamə tam olaraq səsə qoyulur. Özü də qaçarağı. Və dərhal da iclasın sədri Evelyn Regner tərəfindən məsələ qapadılır. Yəni səs verənlər görünmür. Sadəcə E.Regner “kim lehinə, kim əleyhinə, kim bitərəfdir” deyərək səslənir, sonra da elan edir ki, qətnamə qəbul edildi.

Avropa Parlamenti ilə yazışmalar sonrası aldığım sənəddən də görünür ki, qətnaməyə ümumilikdə verilən səslər qeyd edilməyib.

Əlbəttə, 1930-cu illər sovetlərinin kolxoz toplantılarındakı yöntəmlə səsvermə keçirilməsinin özü də bizdə şübhə doğurmaya bilməzdi və ona görə də AP-nin Vətəndaş Müraciətləri Bölməsinə yazaraq məsələyə aydınlıq gətirilməsini istədik.

…Cavabda əlavə olaraq həmin gün keçirilmiş səsvermələrin hamısının nəticələri də təqdim edilib. Və maraqlı bir görüntü var: həmin gün bir sıra sənədlərə səs verilib, hamısında ümumilikdə lehinə, əleyhinə, bitərəf səslər rəqəmlə qeyd edilib.

Amma! Amma Azərbaycanla bağlı ümumi səsvermədə rəqəmlər verilmir! Bunun niyə belə olduğunu sual etmək haqqımız yoxdurmu?

O baxımdan şübhələrimizdə haqlıyıq deyə düşünürük. Bizcə, Azərbaycan kimi bir dövlətə qarşı açıq qərəzlə dolu bir qətnamənin bu şəkildə qəbul edilməsi sual doğurmaya bilməz”.

Araşdırmaçı-jurnalist sual edir: “Ümumiyyətlə, o qətnamə doğrudanmı qəbul edilib? Axı Avropa Parlamentində səsvermə adbaad olur və bu qətnaməyə də kimin necə səs verməsini bilmək bizim və elə avropalıların haqqı deyilmi”?

Lütfən, sözügedən araşdırma yazısını oxuyaq və yayaq. Oxuyaq və yayaq ki, əslində, Avropa Parlamenti ilə işi yeni müstəviyə keçirmək yaxud problemi fürsətə çevirmək şansı olduğunu dəyərləndirə bilək.

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Əkbər Qoşalı
şair, yazıçı