Avropa ölkəsinin taleyi Ərdoğanın əllərində – “Başqa şansları yoxdur…”

İsveç Türkiyəyə tətbiq etdiyi embarqonu ləğv edərək, müdafiə ixracı üçün lisenziyalar verməyə başlayıb. Qeyd edək ki, 2019-cu ilin oktyabrından rəsmi Stokholm Türkiyəyə müdafiə təchizatına embarqo qoyub.

Maraqlıdır, İsveçin NATO-a üzvlük məsələsi həllini tapırmı?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elçin Xalidbəyli qeyd edib ki, İsveçin NATO-ya üzvlük məsələsinin necə həll ediləcəyi ABŞ-ın davranışlarından asılı olacaq:

“Bu problemin həlli yalnız İsveç və Türkiyə arasında anlaşmaya bağlı deyil. Yəni Ağ Ev də rəsmi Ankaranın bəzi tələbələrini yerinə yetirməli olacaq. Ankaranın Ağ Evdən əsas tələbi isə Türkiyəyə “F-16” döyüş təyyarələrinin satışı haqda razılaşmanın icrası ilə bağlıdır. Bayden administrasiyası ABŞ Konqresinin Türkiyə əleyhinə mövqeyini bəhanə edərək, həmin anlaşmanın icrasını gecikdirir. Buna cavab olaraq, Prezident Rəcəb Tayyib Ərdoğan Bayden administrasiyasının İsveçin NATO üzvlüyünü tezləşdirmək çağırışına “onlara xatırladıram ki, Türkiyənin də parlamenti var” mesajını göndərmişdi. Ona görə də əgər ABŞ İsveçin NATO üzvlüyündə israrçıdırsa, Türkiyənin “F-16” döyüş təyyarələrini göndərməlidir. Əks halda bu məsələ həll edilməmiş qalacaq.

Elçin Xalidbəyli

Onu da qeyd etmək lazımdır ki, rəsmi Ankara parlamentin komissiyasında İsveçin NATO üzvlüyünə razılıq verməklə ABŞ-a növbəti dəfə mesaj göndərib. Yəni rəsmi Ankara bu məsələni parlamentdə ratifikasiya etməyə hazırdır, ancaq ABŞ-ın öz öhdəliklərini gec icra etməsi İsveçin NATO üzvlüyünü ləngidir”.

Politoloqun fikrincə, Ağ Evin bu dəfə Türkiyəni aldatmaq şansı yoxdur:

“Türkiyənin Qərbdəki ən yaxın dostu Macarıstan da İsveçi NATO-nun qapıları ağzında saxlayır. Yəni Türkiyə və Macarıstan bu məsələdə ortaq hərəkət edir.

İsveç üçün NATO üzvlüyü indi əvvəlkindən daha çox önəm daşıyır. Çünki Rusiyanın Ukrayna savaşında təşəbbüsü ələ keçirməsi Avropada xof yaratmağa başlayıb. İsveç Rusiyanın Ukrayna savaşında qələbəsinə qədər NATO-nun “təhlükəsizlik çətiri” altına sığınmağa can atır “.

Safura Bənnayeva
Globalinfo.az