HƏMAS atəşkəs təklifini niyə qəbul etmədi?

“Voll Strit Jurnal” nəşri məlumat yayıb ki, HƏMAS girovların azad edilməsi müqabilində İsrailin təklif etdiyi bir həftəlik atəşkəs razılaşmasını rədd edib.

Bundan başqa, “İslami Cihad” qruplaşması 100-dən çox girov müqabilində İsraildən bütün üzvlərini həbsxanalardan azad etməyi istəyib.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, HƏMAS-ın İsrailin atəşkəs təklifini qəbul etməməsi gözlənilən idi:

“Ümumiyyətlə, bir müddətdir HƏMAS-la İsrail rəsmiləri arasında danışıqlar gedirdi. Xüsusilə atəşkəsin əldə edilməsində HƏMAS daha maraqlı idi. Çünki müharibənin uzanması Təl-Əvivi daha aqressiv edir və bu, HƏMAS-ın itkilərinin artmasına gətirib çıxarır.

Əlimusa İbrahimov

Lakin bu da reallıqdır ki, HƏMAS mövcud vəziyyətdən İsrailə qarşı təzyiq yaratmaq üçün istifadə edir. Ümumiyyətlə, mülkilərin həyatını itirməsi, humanitar böhran kimi iddialarla HƏMAS dünya ictimaiyyətində dəstək qazana bilib. Buna görə İsrail tərəfi də atəşkəsə razıdır.

HƏMAS-ın atəşkəsə razı olmaması böyük ehtimalla daha çox istəklə bağlıdır. Yəni İsrailin təklif etdiyi şərtlər, görünür, HƏMAS-ı qane etmir. Buna görə də təklifdən imtina edib. Lakin danışıqlar davam edir və böyük ehtimalla yaxın müddət ərzində yenidən bənzər təkliflər veriləcək”.

Turan Rzayev
Globalinfo.az