Astara rayonun “Gənc Alimlər” təşkilatından verilən məlumatda cinayətin təfərrüatları açıqlanıb.
Globalinfo.az bizim.media-ya istinadən bildirir ki, məlumata görə, direktor, bir neçə ay öncə, öz katibəsinin montaj edilmiş görüntülərini yayıb:
“Material, saxta olsa belə, qadının nüfuzunun sarsılmasına səbəb olub və bıçaqlanma faktına gətirib çıxaran əsas amil də, bu, olub. Məhz bu porno şantaj hadisəsindən sonra, katibə Validə Məmmədova ağır psixoloji-sarsıntı keçirib, səhhəti pozulub və 16 aprel 2024-cü ildə Ülviyyə Bayramovanın tələbini qəbul edərək, işdən çıxmağa məcbur qalıb”.
“Gənc Alimlər” təşkilatından verilən digər məlumata görə, tərəflər arasında mübahisə məhkəməyə qədər uzanıb. Avqustun 27-də isə Astara Rayon Məhkəməsi Ülviyyə Bayramovanın xeyrinə qərar çıxarıb. Nəticədə, katibənin həyat yoldaşı, məktəbin gözətçisi işləyən Nəcəfov Halik Əli oğlu, affekt vəziyyətinə düşüb və 2024-cü il sentyabrın 1-də məktəbdə olarkən, direktor Ülviyyə Bayramovaya münaqişə zəminində bıçaqla xəsarət yetirib.
Direktor, Astara Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardımdan alandan sonra Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hələki onun sağlıq durumu barədə dəqiq məlumat verilmir.
***09:24
Astara şəhərində bıçaqlanma hadisəsi baş verib.
Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Astara şəhər 6 nömrəli məktəbin gözətçisi məktəbin direktoru Ülviyyə Bayramovanı bıçaqlayıb.
Müxtəlif dərəcəli xəsarətlər alan direktor xəstəxanaya yerləşdirilib. Onun həyatına təhlükə olmadığı, bıçağın daxili orqanları ciddi zədələmədiyi bildirilib.
Qeyd edilib ki, Ü.Bayramovanı bıçaqlayan gözətçi məktəbin kargüzarı Validə Məmmədovanın həyat yoldaşıdır. Bir müddət əvvəl V.Məmmədova sosial mediada və KİV-də Ülviyyə Bayramovanı rüşvət və korrupsiyada ittiham etmişdi.
Bundan sonra prokurorluq tərəfindən məktəbdə araşdırma aparılıb və iddialar təsdiqini tapmayıb. Ü.Bayramova isə məktəbin kargüzarını xüsusi ittiham qaydasında məhkəməyə verib. Məhkəmənin hökmü ilə V.Məmmədova böhtan əməlində təqsirli bilinərək cəzalandırılıb.