Son günlər sosial mediada ən çox müzakirə olunan məsələlərdən biri “Arzum” ləqəbi ilə tanınaa tiktoker İlduzə Hacıyeva ətrafında baş verən hadisələrdir. Müzakirələr iki fərqli mövqedən aparılır: bir tərəf verilən hökmü ədalətsiz hesab edərək buna etiraz edir, digər tərəf isə ““Arzum” kimdir ki, media bu qədər gündəmdə saxlayır?” sualını səsləndirir. Lakin bu məsələnin mahiyyəti konkret bir şəxsdən daha genişdir. Söhbət “Arzum”un şəxsiyyətindən deyil, cəmiyyətdə ədalətsizlik kimi qəbul edilən hadisəyə qarşı formalaşan ictimai reaksiyadan gedir. Çünki sabah oxşar vəziyyət istənilən vətəndaşın başına gələ bilər. Qeyd edək ki, hadisə ilə bağlı yeni iddialar da ortaya çıxıb. Arzumun rəfiqəsi müstəntiqlə yazışmaları və “WhatsApp” vasitəsilə göndərildiyini bildirdiyi səs qeydlərini yayımlayacağını açıqlayıb.
Əgər istintaq materialları və ya yazışmalar ictimaiyyətə açıqlansa, bunun hüquqi nəticələri nələr ola bilər?
Globalinfo.az-a danışan beynəlxalq hüquqşünas Əlövsət Allahverdiyev deyib ki, ilk növbədə insan hüquqları və qanun qarşısında bərabərlik prinsipi əsas götürülməlidir:
“Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, bütün şəxslər qanun və məhkəmə qarşısında bərabərdirlər. Bu baxımdan, söhbət konkret olaraq “Arzum 9999” adlı tiktokerdən deyil, hər bir vətəndaşın ədalətli məhkəmə araşdırması hüququndan gedir. Əgər cəmiyyətin müəyyən hissəsi qəbul edilmiş məhkəmə hökmünü ədalətsiz hesab edirsə, bu narahatlıq hüquqi dövlət prinsipləri çərçivəsində ciddi qəbul edilməlidir. Belə hallarda məhkəmə qərarının hüquqi əsaslarının ictimaiyyət üçün mümkün qədər aydın və şəffaf şəkildə izah olunması məhkəmə hakimiyyətinə olan etimadın qorunmasına xidmət edir”.
Hüquqşünasın sözlərinə görə, məhkəmə qərarlarının səhv olması hüquq tarixində istisna hal deyil:
“İnsan faktoru səbəbindən müxtəlif dövrlərdə yanlış məhkəmə qərarları qəbul edilib. Məhz bu risklər nəzərə alınaraq, bir çox ölkələrdə, o cümlədən Azərbaycanda ölüm cəzası ləğv olunub və çoxpilləli məhkəmə nəzarəti mexanizmləri formalaşdırılıb. Məqsəd kimisə əsassız ittiham etmək deyil, mümkün hüquqi yanlışlıqların qanuni prosedurlar vasitəsilə aradan qaldırılmasına nail olmaqdır. Bu hadisənin gələcəkdə arzuolunmaz presedentə çevrilməməsi üçün bütün hüquqi mexanizmlərdən istifadə olunmalıdır. Əgər iş üzrə apellyasiya şikayəti verilərsə, yuxarı instansiya məhkəməsi bütün sübutları, prosessual normalara əməl olunmasını və hökmün əsaslılığını yenidən qiymətləndirəcək. Hüquqi dövlətin əsas üstünlüklərindən biri də məhz məhkəmə qərarlarının yuxarı instansiyalarda yoxlanılması imkanının mövcud olmasıdır”.
Ə.Allahverdiyev bildirib ki, tiktoker olması və ya ictimai tanınmış şəxs kimi fəaliyyət göstərməsi həmin şəxsin hüquqi statusunu dəyişmir:
“O, hər hansı digər vətəndaş kimi eyni hüquq və azadlıqlara malikdir və ona münasibətdə fərqli yanaşma hüquqi baxımdan yolverilməzdir. Məhkəmə araşdırmalarında əsas meyar şəxsin peşəsi və ya populyarlığı deyil, yalnız qanun və iş üzrə toplanmış sübutlar olmalıdır”.
Əlövsət Allahverdiyev
Hüquqşünas qeyd edib ki, istintaq materiallarının, müstəntiqlə yazışmaların və ya cinayət işi üzrə digər prosessual sənədlərin qanunsuz şəkildə ictimaiyyətə açıqlanması ayrıca hüquqi məsuliyyət yarada bilər:
“Əgər bu məlumatlar qanunla qorunan istintaq sirrini təşkil edirsə və onların yayılması qanunvericiliyin tələblərini pozursa, həmin hərəkətlərə görə qanunvericilikdə nəzərdə tutulmuş hüquqi məsuliyyət tətbiq oluna bilər. Hər bir belə hal ayrıca araşdırılmalı, məlumatın kim tərəfindən, hansı şəraitdə və hansı hüquqi əsas olmadan yayıldığı müəyyən edilməlidir. Eyni zamanda, təqsirləndirilən şəxsin təqsiri sübuta yetirilərsə belə, cəzanın təyin edilməsində humanizm prinsipi də nəzərə alınmalıdır. Bu baxımdan, Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamında müəyyən edilmiş prinsiplər məhkəmələr üçün mühüm istiqamətverici sənədlərdən biridir. Həmin sənəd cəza siyasətində humanist yanaşmanın gücləndirilməsini, zərurət olduqda azadlıqdan məhrumetməyə alternativ tədbirlərin tətbiqini və cəzanın fərdiləşdirilməsi prinsipinin təmin olunmasını təşviq edir”.
Əlövsət Allahverdiyev əlavə edib ki, bu məsələ konkret bir şəxsin kimliyi ətrafında deyil, hər bir vətəndaşın ədalətli məhkəmə araşdırması, qanun qarşısında bərabərlik və insan hüquqlarının etibarlı müdafiəsi prinsipləri kontekstində qiymətləndirilməlidir:
“Hüquqi dövlətin əsas göstəricisi məhz cəmiyyətin məhkəmə qərarlarının ədalətliliyinə inanması və bu inamın qanuni, şəffaf və obyektiv prosedurlar vasitəsilə təmin edilməsidir. Bu baxımdan mətbuatın bu kimi məsələləri diqqətdə saxlaması çox təqdirəlayiqdir, burada söhbət insan taleyindən gedir və buna biganə qalmaq olmaz”.
Zaira Akifqızı
Globalinfo.az